6 İyun 2014 17:41

Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında endoskopik və robotik cərrahiyyəyə həsr olunmuş konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov, Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak ediblər.

Konfransın açılışında çıxış edən Əhliman Əmiraslanov müasir tibb elmində endoskopik və robotik cərrahiyyənin xüsusi önəm daşıdığını bildirib: “Hazırda Azərbaycanda müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biri olan endocərrahi əməliyyatlar aparılır. Universitetimizin Cərrahiyyə Klinikasında belə əməliyyatların keçirilməsi üçün hər cür avadanlıq var”.

İstanbul Bilim Universitetinin rektoru Çavlan Çiftçi Türkiyədə endoskopik və robotik cərrahiyyə sahəsində qazanılan uğurlardan danışıb və çıxışını video təqdimatla yekunlaşdırıb. “Florance Nightingale” xəstəxanalar qrupunun baş həkimi Sinan Aran bu sahədə praktikada üzləşdikləri hallar haqqında məlumat verib.

Açılış nitqlərindən sonra Azərbaycan Tibb Universiteti və İstanbul Bilim Universitetləri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb.

Konfrans Tibb Universiteti, İstanbul Bilim Universiteti, “Florance Nightingale” xəstəxanalar qrupu və Baku City Hospitalın təşkilatçılığı ilə keçirilib.

Naibə


Müəllif: