19 Aprel 2014 21:09
5 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlarımız xaricdə müalicəyə göndərilməsi barədə tez-tez rast gəlirik. Bu məsələ uzun illər səhiyyə sahəsində mühüm problemlərdən biri olub. Son zamanlaradək bu iş sistemli şəkildə həyata keçirilib. Ümumi konsepsiya olmadığından, məsələlər fərdi qaydada həll edilirdi. Buna görə bir sıra hallarda vətəndaşlara qeyri-obyektiv münasibət göstərilir, nəticədə əhalidə narazılıq yaranırdı. Bu sahədə mövcud problemləri aradan qaldırmaq, pərakəndəliyin qarşısını almaq, müəyyən sistem və qayda-qanun yaratmaq məqsədi ilə Səhiyyə Nazirliyinin 133 saylı əmrlə ölkə vətəndaşları üçün vacib və lazımlı addım olub.

Əmrə əsasən ölkəmizdə müalicəsi mümkün olmayan xəstələrin xaricə göndərilməsi sahəsində nazirliyin fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqələndirmək məqsədi ilə onlarla birgə “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Səhiyyə Nazirliyinin komissiyası” yaradılıb. Bu komissiyaya Səhiyyə Nazirliyinin mütəxəssisləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki əməkdaşı daxil olub.

Komissiyaya kimlər müraciət edir?

Komissiya fəaliyyətə başlayandan indiyədək 1354 şəxsin sənədi qəbul edilərək müzakirədən keçirilib. Baxılan sənədlərə əsasən 80 nəfər respublikadan kənarda müalicəyə, əsasən Rusiya və Türkiyəyə göndərilib. Onlardan 74 nəfəri əlillik dərəcəsinə malikdir. Respublika daxilində isə əməliyyat aparılması üçün 48 nəfər, müalicə üçün 27 nəfər qeydə alınıb. Bundan əlavə komissiyanın müzakirəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 70 nəfər əlillik dərəcəsi olan şəxs Ukraynanın Saki şəhərinə bərpa müalicəsi almaq üçün göndərilib.

Bu günədək komissiyaya müraciət edənlərin çox hissəsini əsəb sistemi, ürək qan-damar, dayaq-hərəkət və həmçinin göz xəstəliklərindən əziyyət çəkən şəxslər təşkil edib. İl ərzində nevropatoloq 405 nəfərə, travmatoloq-ortoped - 250, oftalmoloq - 230, kardiocərrah - 200, neyrocərrah - 79, uroloq - 65, onkoloq - 35, pediatr - 21 və plastik cərrah 8 nəfərə baxaraq rəy verilib.

Onu da qeyd etmək istəyirəm ki, komissiyaya orqanların (ürək, qaraciyər, böyrək və s.) köçürülməsi ilə bağlı müraciətlər də olunur. Ancaq transplantasiya məsələləri komissiyanın səlahiyyətlərinə daxil deyil.

Hansı hallarda xəstəni müalicə üçün xaricə göndəririlir?

Vətəndaşlarımızın respublikadan kənarda müalicə almaq imkanı verən şərtlər səhiyyə nazirlinin əmrinə müvafiq olaraq, komissiya haqqında əsasnamə ilə müəyyənləşdirilir. Xəstəyə konkret və obyektiv müayinə üsulları ilə diaqnoz təyin olunmuşdursa, xəstəliyin müalicəsi ölkəmizdə mümkün deyilsə, lakin ölkədən kənarda ümumi qəbul edilmiş müalicə üsulu mövcuddursa, ona xaricdə müalicə imkanı yaradılır. Konkret xəstəliyin respublikadan kənarda da müalicəsi mümkün deyilsə, komissiya göndərişlə bağlı qərar çıxara bilməz.

Problem nədir?

Səhiyyyə Nazirliyinin məlumatına görə, iş prosesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı yaranan problemlər olur. Əlillərin sosial müdafiəsi və o cümlədən, respublikadan kənarda müalicə olunması ilə bağlı müəyyən vəsait ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsində nəzərdə tutulur. Səhiyyə Nazirliyi isə əlillərin yalnız respublika daxilində fəaliyyət göstərən dövlət müəssisələrində pulsuz müalicəsini təmin edir. Ona görə də, bəzən komissiya respublikadankənar müalicəyə göndərilməklə bağlı qərar qəbul etsə də, maliyyə vəsaitinə sərəncam vermək hüququ olmadığı üçün qərarın reallaşması çox ləngiyir.

2012-ci ildə 1050 nəfər xaricdə müalicə olunmaq üçün müraciət edib. Amma bu il onlardan cəmi 4 nəfərinə xaricdə müalicə olunmaları üçün kömək göstərilib, göndəriş verilib. Səhiyyə Nazirliyindəki "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya"sının məlumatına görə, 2011-ci ildə quruma 1282 nəfər müraciət edib və onlardan 5 nəfər ölkədən kənar müalicəyə göndərilib. Əlbəttə, bunlar yalnız dövlət xətti ilə getmək istəyənlərdir. Amma hər il minlərlə insan xarici ölkəyə məhz müalicə üçün gedir. Onların dəqiq statistikası bəlli olmasa da, saylarının gündən-günə artması inkarolunmaz faktdır.

Baxmayaraq ki, 2003-2013-cü illərdə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılmış xərclər 11 dəfə artıb. Belə ki, 2003-cü ildə səhiyyəyə ayrılan xərclər cəmi 69 milyon manat təşkil edirdi. 2008-ci ildə isə dövlət büdcəsindən səhiyyəyə ayrılmış vəsaitlər 558 milyon manata çatdı. 2012-ci ildə artıq bu xərclər 660 milyon manatı keçmişdi. 2013-cü ilin dövlət büdcəsində Azərbaycanda səhiyyə xərcləri üçün 666,3 milyon manat ayrılıb. 2014-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 725,6 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 56,3 milyon manat (8,4 faiz), 2012-ci ilin faktiki göstəricisinə nisbətən isə 116,2 milyon manat (19,1 faiz) çoxdur. Gələn il səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,2 faiz artaraq 3,6 faiz olacaq.

Ayrılan vəsaitin 367,2 mln. manatı (50,6 faizi) xəstəxanaların, 106,1 milyon manatı (14,6 faizi) poliklinikaların və ambulatoriyaların saxlanılması, 240,6 milyon manatı (33,2 faizi) səhiyyə sahəsində digər xidmətlərə, 11,7 milyon manatı (1,6 faizi) səhiyyə sahəsində tədqiqatlara yönəldiləcək.

Bəs xərclər bu qədər artdığı halda nə üçün insanlar xarici ölkələrdə müalicəyə gedirlər? Dövlət səhiyyəyə xərcləri artırdığı halda, ona uyğun gəlir götürmür. Buna səbəb yerli həkim və xəstəxanalara inamsızlıqdır, yoxsa bizdə səhiyyə xərcləri yüksəkdir?

Əcnəbi xəstələrin ən çox üz tutduqları İran artıq onlar üçün xüsusi şəhərcik salmağı belə planlaşdırır. Ötən il İran parlamentində Təbrizdə belə bir şəhərciyin yaradılması məsələsi gündəmə gəlmişdi. Son illər ərzində İrana qonşu ölkələrdən gələnlər müalicə üçün məhz Təbriz şəhərini seçir ki, onların arasında Azərbaycan vətəndaşları da çoxluq təşkil edir. Azərbaycandan əcnəbi ölkələrə üz tutanlar daha çox xərçəng xəstələridir. Onların da sayı ildən-ilə artmaqdadır.

Azərbaycanda 2012-ci ildə qeydiyyatda olan onkoloji xəstələrin sayı 31 954 nəfərə çatıb. 2011-ci ildə bu xəstələrin sayı 28 685 nəfər, 2010-cu ildə bu göstərici 28 052 nəfər olub. Qeydiyyata alınmış onkoloji xəstələr arasında ölüm göstəricisi isə 2010-cu ildə 5325 nəfər, 2011-cu ildə 5989 nəfər, 2012-ci ildə 5547 nəfər olub.

Rəsmi mənbələrdə xaricə göndərilənlərin sayının ildən-ilə azaldığı deyilir. Amma öz istəyi ilə gedənlərin statisikasının aparılmaması bu faktı təsdiqləmir. Müraciətlərin sayını həmin ölkələrin açıqladıqları rəqəmlərdən əldə etmək olar.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, Türkiyədə hər il təqribən 500 min xarici vətəndaş müalicə alır. Azərbaycandan müalicə almaq üçün gələn vətəndaşlar bu siyahıda üçüncü yeri tuturlar. Birinci yerdə Almaniya, ikinci yerdə Liviya, ondan sonra isə sıralamada Azərbaycan və İraqdan olan xəstələr gəlir. Orta hesabla hər il Azərbaycandan Türkiyəyə sağlamlıq turizmi üçün 10 min nəfər gəlir.

Nazirliyin məlumatında bildirilir ki, azərbaycanlı xəstələr əsasən göz, diş, ürək problemləri ilə Türkiyə klinikalarına müraciət edirlər. Bundan başqa, vətəndaşlarımız həmçinin ürək problemləri ilə və xərçəng xəstəliyi ilə əcnəbi həkimlərin qapısını döyürlər. Estetik əməliyyatlar üçün müraciət edənlərin sayı da çoxalır.

Birinci qrup gözdən əlil olan Firudin Məmmədov Azərbaycan sərhədlərindən kənarda olan pasientlərdəndir. O, ilk dəfə 1995-ci ildə Almaniyada müalicə olunub. Müalicəsi dövlət hesabına başa gəlib. Gediş-gəliş və müalicə haqqı tam ödənib: “1995-ci ildə bizi dövlət göndərmişdi. Beynəlxalq Valyuta Fondu 29 nəfər üçün 500 min dollar pul ayırmışdı. Almaniyadakı həmin müalicənin ciddi əhəmiyyəti oldu. Gözüm görmə qabiliyyətinin indiki səviyyəsinə Almaniyadakı müalicədən sonra gəlib çatdı. Sonra yenə getməyimə ehtiyac yarandı. İndi o formada vəsait ayrılmır. Ancaq yol pulu – müalicə yerinə çatmaq və qayıtmağın xərci çəkilir”.

Firudin Məmmədov deyir ki, indi onun yenə xaricdə müalicə olunmağa ehtiyacı var. İmkanlar isə məhduddur: “Əlilliyə görə 230 manat təqaüd alıram. Bununla ailəmi də saxlamalıyam, yerli müalicələri də həyata keçirməliyəm, çox çətindir. Almaniyaya getsəm, gərək xərcləri özüm ödəyəm”.

Xaricdə müalicə almaq istəyən xəstələr

10 yaşlı Üzeyir Məmmədov 7 yaşından leykoz xəstəliyindən əziyyət çəkir. Atası Məmməd Məmmədov deyir ki, Üzeyir məktəbə getdiyi 2 ay ərzində halsızlaşdı. Uşağın anası onu həkimə apararaq müayinə etdirib. Onlar düşünürdülər ki, bu, adi soyuqdəymədir. Amma həkim həmin gün Üzeyirin leykoz xəstəsi olduğunu deyir. Bu xəbərdən sonra həkimlərin göstərişi ilə uşağın məktəbə getməsi qadağan olunur. O, 5 gün müddətində Onkologiya Institutunda yatılı müalicə alır. Daha sonra M.Məmmədov borc-xərc edərək oğlunu Moskvaya müalicəyə aparır. “Rusiyada 7 ay müalicə olundu. Uşaq sağaldı, bura gətirdik. Hər həftə müayinəyə aparırdıq, kimyaterapiya olunurdu. Iki ay keçdi, təzədən qanda şiş hüceyrələri yarandı. Bunun da çarəsi ilik köçürülməsidir. Ölkədə də ilik əməliyyatı edilmir”.

Valideyn deyir ki, Bakıda Onkologiya Instititutunda uşağı müalicə aldığı vaxt analiz, kimyaterapiya və sistemə görə onlardan pul alınırmış. “Atam Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinə məktub yazmışdı. Nazirlikdən dedilər ki, Onkologiya Institutuna yaxınlaşın. Orada baş həkimlə görüşdük, dedi ki, burada müalicə pulsuzdur. Sözdə pulsuz idi. Pul verməsən uşağa heç sistem qoşmurdular. Hər dəfə sistemə 5 manat pul verirdik. Bir dəfə pulumuz olmadı, verə bilmədik, həkim uşağa qarğış elədi”.

Üzeyir bir müddət Iranda müalicə alıb, amma ağır vəziyətdə yenidən ölkəyə gətirilib. M.Məmmədov deyir ki, 2009-cu ildən bu günə qədər xəstəliyin müalicəsinə 50 min manat xərcləyiblər, amma nəticəsi olmayıb. “Türkiyəyə qan analizimi göndərdim, rəy gəldi ki, oğlum üçün ilik donoru ola bilərəm. Amma bu əməliyyat üçün 147 min avro istəyirlər. Almaniyanın burada fondu var. Onlar dedi ki, uşaq xəstəxanada yatsa, 10 min avro kömək edəcəklər. Yerdə qalır 137 min manat. Türklər hələ 3 həftə əvvəl uşağın təcili müalicəyə gətirilməsini istəyiblər. Amma vəsait yığılmayıb deyə apara bilmirəm”.

Bir müddət öncə “Facebook” sosial şəbəkəsində Azərbaycan Tibb Universitetinin tələbələri Stomatologiya fakültəsinin 5-ci kurs tələbəsi Vüsal Ismayılzadə üçün yardım aksiyası keçirdilər. 22 yaşlı Vüsal 2012-ci ilin fevralından “sol körpücükaltı nahiyədə limfanın xərçəngi” xəstəliyindən əziyyət çəkir. 2 gün ərzində sosial şəbəkə vasitəsilə yığılan 12 min dollarla Vüsal Türkiyədə əməliyyata götürüldü. Bu aksiyanı təşkil edən Fərid Rüstəmli deyir ki, əməliyyatdan sonrakı kimyaterapiya üçün təxminən 3000 ABŞ dolları lazımdır. “Vüsal bu xəstəliyə görə 2-3 dəfə əməliyyat olunub. Ailəsi çətin vəziyyətdədir. Atası iş yerini və torpaq sahələrini satıb, üstəlik, nə qədər borc götürüb... Biz nə qədər bacarırıqsa, ailəyə kömək edirik”.

Gəncə şəhərində yaşayan 4 yaşlı Sumeyya Verdiyeva isə təcili bel fəqərəsindən əməliyyat olumalıdır. Onun fəqərəsinin bir tərəfi inkişaf edib, digər tərəfi inkişafdan qalıb. Nəticədə bel onurğasında əyrilik yaranıb. Uşağın atası Elçin Verdiyev deyir ki, qızı tezliklə əməliyyat olunmasa, beldən aşağı nahiyəsi iflic ola bilər. “Travmatologiya Institutunda dedilər ki, bizim ölkədə bu əməliyyat aparılmır. Mərkəzi Klinika da eyni sözü dedi. Öyrəndim ki, Iranda bu əməliyyatın qiyməti 7.000 dollar, Türkiyədə 10.000 dollardır”.

Sağlamlığa Çağırış Səhiyyə Alyansının eksperti Süleyman Cəbrayılovun sözlərinə görə, vətəndaşların xaricdə müalicəsi ilə bağlı vəziyyət ürəkaçan deyil. Ancaq dövlət istəsə imkanlarını genişləndirə bilər: “Azərbaycan vətəndaşlının orta aylı əmək haqqı ilə xaricdə səhiyyə xərclərinin heç bir faizini ödəmək olmaz. Dövlət xaricə müalicəyə göndərişi tam şəkildə ödəmirsə, vətəndaş özü çətin gedə bilsin. Onun üçün də başqa variantlardan istifadə etmək lazımdır. Səhiyyə Nazirliyi ilə əlaqəli işləyən Azərbaycandakı fondlardan, təşkilatlardan, imkanlı adamların köməyindən istifadə oluna bilər”.

Hacı Zeynalov


Müəllif: