9 İyun 2014 12:29
1 457

XX dünya çempionatına 3 gün qaldı. Bütün dünyanın həyəcanla gözlədiyi mundial iyunun 12-də Braziliyada başlanacaq. Futbol üzrə dünya çempionatı 12 şəhərdə olacaqSan-Pauloda keçiriləcək açılış oyununda Braziliya Xorvatiya ilə üz-üzə gələcək. Final matçı isə iyulun 13-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda olacaq. Azərbaycan siyasətçilərindən dünya çempionatının favoritləri barədə sorğu apardıq.

Teleqraf.com ölkənin tanınmış siyasətçilərinin mundial proqnozunu təqdim edir:

“Braziliyaya getmək fikrim yoxdur”

Dünya çempionatlarını izləyən AMİP lideri Etibar Məmmədov dedi ki, həmişə ən çox xoşladığı komanda Almaniya millisi olub: “İndidən onun şansları barədə bir söz deyə bilmərəm. Çox istərdim ki, türk futbolçu Məsud Özil də Almaniyada oynasın və favorit məhz o olsun. Çempionatı televiziya vasitəsilə izləyəcəyəm, Braziliyaya getmək fikrim yoxdur”.

“Braziliyada uşaqlar məktəbə topla gedir”

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bütün dünya çempionatlarına maraqla baxır: “Bu dəfə də oyunun birini belə buraxmayacağam. Çempionat bir ay müddətində gedəcək, mənə elə gəlir ki, elə Braziliyanın özü də qalib gələcək. Favorit komandam Braziliya yığmasıdır. Braziliyada uşaq məktəbə gedəndə hərəsinin əlinə bir top verirlər, orta məktəbə topla gedir. Braziliyada bir-birindən fərqlənən oyunçu yoxdur. Qapıçısından tutmuş hücumçuya qədər hamısı öz yerindədir. Onları izləyirəm, indiyədək çox sayda idmançı yetişdiriblər. Dünyanın ən tanınmış futbolçularının əksəriyyəti məhz Braziliyadan çıxıb. Argentinadan Maradona çıxıb, amma futbolun şahı Pele Braziliya oyunçusu olub. Hazırki millinin tərkibindəki oyunçuları bir-birindən fərqləndirmək istəmirəm. Açılış oyununda aydındır ki, Braziliya Xorvatiyanı udacaq. Braziliyanın rəqibi Avropa komandalarından olacaq”.

“Oruc tutduğumdan Braziliyaya gedə bilməyəcəm”

S.Novruzov işlə əlaqədar Braziliyaya gedə bilməyəcək: “İyun-iyul ayı həm də orucluq başlayır, Ramazan ayından oruc tutan adam kimi həmişə burda oluram. İstərdim finalı gedim izləyim, başqa vaxta düşsəydi gedərdim”.

“Əsas mübarizə İspaniya ilə Portuqaliya arasında gedəcək”


Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin fikrincə, əsas mübarizə İspaniya ilə Portuqaliya arasında gedəcək: “Çempionatda Argentina, Braziliya kimi güclü komandalar da var. Dördlükdə Avropa komandaları içərisindən İspaniya, Portuqaliya, Almaniya və İtaliya olacaq. Ancaq dünya komandaları içərisindən İspaniya ilə Argentina arasında güclü rəqabət olacaq. Həmişə olduğu kimi çempionatı inşallah televiziya vasitəsilə izləyəcəyəm”.

“Çox həyəcanlı çempionat olacaq”


Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəylinin dünya çempionatlarında favoriti hər zaman Braziliya yığması olub: “Dünya və Avropa çempionatlarında çox istərdim ki, Azərbaycan da olsun. Ölkəmiz olmadığına görə həmişə Türkiyəyə azarkeşlik eləmişəm. Təəssüflər olsun ki, Türkiyə bu dəfə kənarda qaldı, o həyəcan və sevinci yaşaya bilməyəcəyik. Ona görə də yenə də Braziliyaya azarkeşlik edəcəyəm. Hesab edirəm ki, Braziliya finalda oynaya biləcək. Komanda yenilənib, demək olar ki, gəncləşib. Neymarın da dünyanın ən parlaq ulduzlarından biri olduğunu nəzərə alsaq, Braziliya bu çempionatın favoriti sayıla bilər. Neymar hücumçudur və belə düşünürəm ki, qolvurma imkanları daha çox onun üzərində qurulacaq. Amma Braziliyada güclü oyunçular çoxdur. Neymar parlayan ən gənc ulduzlar sırasındadır. “Barselona”da Messi ilə bərabər ən məhsuldar oyunçulardan birisidir. Dünyanın ən bahalı futbolçudur. İspaniya, Almaniya, Argentina komandası güclü və formadadırlar. Çox həyəcanlı və maraqlı çempionat olacaq”. O, çemiponatı müsavatçılarla birgə izləyəcəyini söylədi: “Əvvəlki illərdə elə olub ki, hansısa rayondan yol gəlmişik. Kollektiv yeməkxanada oturub oyuna baxandan sonra yolumuza davam etmişik”.

“Çempionatı deputatlarla yığışıb izləyirik”


Milli Məclisin üzvü Fuad Muradov çempionatı izləməyə çalışacaq: “Bizim “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqımız var. Bu yarış həm də müxtəlif mədəniyyətlərin yarışıdır. Ona görə biz təşkilatlarımızla birgə baxacağıq. Özüm şəxsən 4 komandaya – Braziliya, Argentina, İtaliya, İspaniyaya azarkeşlik edirəm. Yaxşı futbol olacaq. İspaniya 2 il ərzində daxili çempionatları çox güclüdür. Həm Avropa liqasında, həm də Avropa kubokunda ispan komandaları çox güclüdür, ona görə də yəqin ki, İspaniyanın şansı böyükdür. Braziliya da güclü komandadır, ən çox qolu bu yığma vuracaq. Düşünmürəm ki, yeni bir çempion olsun. Yəqin qalib bu komandalardan biri olacaq. İstərdim özüm də Braziliyada gedib çempionatı izləyim. Amma vaxt baxımından mümkün deyil. Milli Məclisdə sessiyalarımız var, imkan olmayacaq”. F.Muradovun sözlərinə görə, yarımfinal və final mərhələni , deputatlar yığışıb birgə izləyir:

“Həmişə oyunlar axşamlar keçirilir. Belə ənənəmiz var, evdə də, bağda da baxırıq. Şəhərin müxtəlif yerlərində böyük ekranlar quraşdırıblar hansısa məkanda da yığışırıq. Ülvi Quliyev, Rövşən Rzayev, Siyavuş Novruzov, Adil Əliyev, Çingiz Əsədullayevlə birgə hökumət bağında oturub birgə çox oyunlar izləmişik”.

“Argentinada Messi çox qol vuracaq”


ALP sədri Əvəz Temirxan uşaqlıqda qapıçı olub və çempionatı böyük maraqla gözləyir: “Məktəb vaxtı pis qapıçı olmamışam, ayağımı da sındırmışam. Əks komanda mən qapıçı olduğuma görə iki hücumçu verirdi. Ayağımı sındırandan sonra futbolla vidalaşdım. Braziliyanın qalib gələcəyini düşünürəm. Fikimcə, Almaniya, İspaniya, Argentina Braziliyanın əsas rəqibləri olacaq. Kaka getməyəcək, Braziliyada Neymar fərqlənəcək. Məncə, Argentinada Messi çox qol vuracaq. Messi futbolda şahmatçı sayılır. Ən çox sevdiyim komanda Türkiyədir, Azərbaycan təəssüf ki, o səviyyəyə çatmayıb. Braziliyalılar bədii futbol göstərirlər”.

“Marağım yoxdur”

ADP sədri Sərdar Cəlaloğlunun futbola marağı yoxdur: “Televiziyada rastıma çıxsa baxacağam, çıxmasa yox. Heç bir idman növünə marağım olmayıb. Mənim hansısa müğənniyə yaxud futbol klubuna fanatlığım yoxdur. Özüm də ümumi şəkildə sağlamlıq üçün üzgüçülüklə məşğul oluram”.

Nərgiz


Müəllif: