9 İyun 2014 12:15
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə 9 iyun - Ümumdünya Akkreditasiya gününə həsr olunmuş “Akkreditasiya gündəlik həyatda etimadın təminatçısıdır” mövzusunda tədbir keçirilib.

Teleqraf.com-un xəbərinə görə, tədbirdə çıxış edən SMPDK sədri Ramiz Həsənov daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu deyib. Komitə sədrinin sözlərinə görə, bu sahənin dünya iqtisadiyyatında keyfiyyətin idarəolunması istiqamətindəki rolunu mühüm hesab edən beynəlxalq təşkilatlar 2008-ci ildən etibarən hər ilin 9 iyun tarixini Ümumdünya Akkreditasiya Günü kimi qeyd olunması qərarına gəliblər.

Ramiz Həsənov ölkədə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində ölkə rəhbərliyinin apardığı siyasətin davamı olaraq komitənin strukturunun daha da təkmilləşdiyini qeyd edib: “Belə ki, cənab Prezidentin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Akkreditasiya Xidməti yaradılıb. Müasir akkreditasiya prinsiplərini və hüquqi əsaslarını özündə əks etdirən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanun layihəsi 30 may 2014-cü il tarixində Milli Məclisdə qəbul edilib. Komitə yanında Dövlət Akkreditasiya Xidməti yarandığı müddətdən etibarən Xidmət tərəfindən beynəlxalq standartların tələbləri əsasında məhsul və xidmətlərin, idarəetmə sistemlərinin, personalın sertifikatlaşdırılmasını həyata keçirən onlarla orqan, inspeksiya orqanları, o cümlədən sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub. Qısa müddət ərzində akkreditasiya sahəsində əldə etdiyimiz uğurlardan biri də 2012-ci ilə Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası isə Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya olunub. Beləliklə, laboratoriyanın sınaq nəticələrinin Avropa Birliyi ölkələrində tanınması təmin olunub”.

Tədbirdə iştirak edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri millət vəkili Ziyad Səmədzadə komitənin keyfiyyət infrastrukturunun inkişafı istiqamətindəki rolu haqqında danışıb.

Onun sözlərinə görə, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiyanın rolu danilmazdır. Bu baxımdan qanunvericiliyin təkmilləşdirildiyini vurğulayan millət vəkili gələcəkdə də istehlakçıların hüquqularının etibarlı qorunması istiqamətində islahatlar aparılacağını deyib.

Sonra Komitə sədri Ramiz Həsənovun əmri ilə akkreditasiya sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib, Dövlət Akkreditasiya Xidmətinin bir qrup əməkdaşına Fəxri Fərmanlar təqdim edilib.

Daha sonra çıxış edən natiqlər “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi, “Azərbaycanda fəaliyyət göstərən inspeksiya orqanları akkreditasiya predmeti kimi”, “İnspeksiya uyğunluğun qiymətləndirməsi metodudur”, “Xarici uyğunluğun qiymətləndirilməsi qurumlarının Azərbaycan Respublikasında fəaliyyəti”, “Akkreditasiya istehlakçılarda etimad formalaşdırır” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda iştirakçıların sualları dinlənilmiş və müzakirələr aparılıb.

Naibə


Müəllif: