9 İyun 2014 16:40
3 956

Bakını romantik şəhər sayan təkcə onun sakinləri deyil. Hərdən xaricilər də bu haqda danışırlar. Bakının ən gözəl, baxımlı yerlərindən biri bulvardır. Bu şəhərə gözəlliyi təbiət özü bəxş edib. Bəs ona bizim münasibətimiz necədir?

Dənizkənarı Milli Parkın yay mənzərəsini seyr eləmək üçün bulvara yollandıq. Uzun müddətdir parkda gedən təmir işlərinin böyük hissəsi başa çatıb, bunu qocaman və təbii ağacların yerini dekorativ ağacların tutması fonunda ilk baxışdaca görmək olar. Seyrək ağaclığa kök salmış kafelərin əlindən sahil boyunca günün altında gəzməksə heç kəsin ürəyincə deyil.

Məlumata görə, parkdakı bütün işlər bitdikdən sonra bulvarın ərazisi paytaxtın Əhmədli qəsəbəsinə doğru genişlənəcək və beləliklə, bura Avropanın ən böyük sahil parkı olacaq. Hazırda isə parkın ərazisi Bayraq Meydanı istiqamətində genişlənib.

Balıqçılar, fotoqraflar, dəmir qabda dondurma...

Bulvar bir çoxları kimi mənim də yaddaşımda 3 məqamı ilə qalıb – sahil balıqçıları, fotoqraflar və dəmir qablarda təklif olunan dondurma. İndi isə üçüncüdən başqa hamısı yerində qalır, amma...

Səhər saatları olmasına baxmayaraq, bulvarda hərə öz işindədi. Səbirsizliklə müştəri gözləyən fotoqraflar adamların qarşısını kəsir, “5 dəqiqəyə şəkil” deyə-deyə var-gəl edirlər.

“Əvvəl adamlar bizi axtarırdı, indi biz onları. Şəkil çəkdirib sonra ondan ötrü rayondan bura qayıdanlar vardı. Hanı indi? Hərə əlinə bir aparat alıb, yerini də özü seçir, şəklini də özü çəkir”. Bunu fotoqraf Əli deyir.

İşinin çətinliyindən gileylənən fotoqraf güzəranının bir müddət əvvəl daha ağır olduğunu bildirir: “Bir ara qazancımızdan plan da verirdik, indi bundan xilas olmuşuq. Özləri də görür ki, günlərlə qazancımız olmur. Nə alırıq ki, hələ bir verək də”.

“Xəzərin balıqları dadlı olmur”

Balıqçı Nadir deyir ki, dənizin suyu bulanıq olanda balıq yaxşı olur. Amma küləkli hava, üstəlik də maqnit qasırğası balıqçıların işinə yaramır.

Əvvəllər həftədə üç dəfə bura balıq tutmağa gələn Nadir indi bu azarını həftədə bir dəfə öldürməli olur. Səbəbini bulvar rəhbərliyinin balıq ovuna qadağa qoyması ilə izahlayır: “Görmürsüz, sahildə cəmi bir-iki balıqçı var. Onlar da mənim kimi həvəskardı. Gəlməyəndə özümü çox pis hiss edirəm. İyirmi ildən çoxdur eyni yerdə, eyni işlə məşğulam, zarafat deyil. Birdən-birə necə əl çəkim?”

Dənizin suyu çirkli və neft qoxulu olsa da, balıqların sayının xeyli artdığı ilk baxışdan görünür. Nadir da bolluğu təsdiqləyir. Balıq ovu yasaqlanandan balıqlar xeyli çoxalıb: “Nə faydası, onsuz da Xəzərin balıqları dadlı olmur. Kifal, xul balığı neft dadı verir. Kür balıqlarına çatanı yoxdur. Kür daşandan oranın balıqları bura da gəlib çıxıb, dadından tanıyıram. Ən çox sazan, ribet, kilkə tuturam”.

Uşaqla bulvara çıxmaq olmur

Balıqçıların yanındakı oturacaqlarda sevgililər isə öz aləmlərində idi. Heç kimə məhəl qoymurdular. Balıqçı Nadir bulvarın sevimli sakinlərinə də sözsüz ötüşmədi: “Vallah, heç bir Avropa ölkəsində də belə deyil. Adam bilmir, uşağı bulvara necə gətirsin. Bunlara bir nəzarət edən lazımdır. Axı, bura Milli Parkdır”.

Bulvardakı attraksionlar barədə ayrıca yazmağa dəyər. Özəlliyinə görə yox, təbii ki, hamını narahat edən baha qiymətlərinə görə.

Burada ən ucuz attraksion 3 dəqiqəsi 2 manata olan “Mini qaraj”dır. İki dövrə başa çatdıqdan sonra valideynlər uşağı vaxtı bitən maşınlardan götürməyə çətinlik çəkir, attraksion nəzarətçisi isə müştəri azlığından narazılıq edir: “Müştərilərin azalması şəhərdə parkların artması ilə bağlıdır. Yeni parklar müştərilərimizi əlimizdən alıb. Yenə də köhnə müştərilərimizə min şükür”.

Pop-kornun 5 dəfə baha satıldığı məkan

Balacaların heç vaxt düşünmək istəmədiyi rəqəmlər haqqında hesablama apardıqda orta statistik gəliri olan Bakı sakinlərinin uşağına bu sevinci yaşada biləcəyinə inanmaq olmur. Məsələn, kiçik uşaq maşınlarından istifadə 5 manat, zəncirli karuselin 3 dəqiqəsi 5 manat, “Kolizey”də fırlanmaq 10 manat...
Amma iş təkcə bununla bitmir. Valideynlərin bulvarda övladlarına sərinləşdirici içki, dondurma və ya çərəzlər almağı da digər yerlərdəkindən ikiqat baha başa gəlir.

Mağazalarda 20 qəpiyə olan adi qazsız su Dənizkənarı Milli Parkda 1 manata təklif olunur. Başqa yerdə eyni ölçüdə olan pop-korn da burada dəyərindən 5 dəfə baha - 1 manata satılır. Dondurmanın ən ucuzu 1 manatadır, bunlar adi mağazalarda satışda 30 qəpiyədir.

Orta aylıq əmək haqqının 250 manat olduğunu nəzərə alsaq, uşaqların gəzinti arzusunu gerçəkləşdirməyin valideynlər üçün nə qədər çətin başa gəldiyini anlamaq mümkündür.

Yüksək icarə haqqı bahalı xidmət deməkdir

Elə bilməyin, adamı xərcə salan təkcə balacalardır. Hamıya məlumdur ki, Dənizkənarı Milli Park həmişə dost-tanışların qonaqlığa toplaşdığı məkan olub. Buradakı fantastik qiymətlər elə dostların da cibinə əməli-başlı əl gəzdirir. O cümlədən, ailəvi şəkildə burada istirahət edənlər bəri başdan təxminən 2 yüz manat istirahət xərci ayırsalar pis olmaz.

Dörd nəfər üçün 4 şiş kababın qiyməti biri 7 manatdan 28 manat edir. Hər biri 5 manatdan salat 20 manat, şirənin də bir bakalı 4 manatdan 16 manat, iki çaynik çay isə 28 manata başa gəlir. Hesablayanda ümumilikdə bulvarda bir dəfə ailəvi istirahət uşaqların xərci də nəzərə alınmaqla 200 manata yaxın edir.
Parkda çalışanlarla söhbətdən məlum oldu ki, qiymətlərin baha olmasının əsas səbəbi məhz icarə haqqının yüksək olması ilə bağlıdır. Bir neçə obyekt sahibi ilə söhbətdən öyrəndik ki, burada aylıq icarə haqqı 1000 manatdan 5 min manatadəkdir.

Odur ki, xırda köşklərdən tutmuş iri restoranlara qədər burada qiymətlər adi yerlərdəkindən iki-üç, hətta 5 dəfə bahadır.

Xəzəri “Mirvari” ilə seyr etmək

Yeyib-içdikdən sonra istirahətə gəmi gəzintisi ilə yekun vurmağın öz ləzzəti var. Milli Parkda bu arzusunu reallaşdırmaq istəyənlər üçün təzə “Mirvari” adlı gəmi gözləyir.

“Mirvari” əvvəlki gəmilərdən həcminə görə fərqlənir. Əvvəlki gəmilər 80 nəfər tuturdusa, 3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 650 nəfər səyahət edə bilir. Türkiyədə istehsal olunan gəminin iki qapalı zalı var və burada qışda da Xəzərə seyrə çıxmaq olar.

Gəminin 3-cü mərtəbəsi isə açıqdır və yay mövsümü üçün nəzərdə tutulub. Gəmidə sərnişinlərə “fast food” yeməklər, çay, kofe və sərinləşdirici içkilər təklif olunur.

“Mirvari”də səyahət vaxtı digər gəmilərin vaxtından bir qədər artıqdır. Sakinlər və şəhərin qonaqları 40 dəqiqə səyahətlə daha çox ərazini gəzirlər. Kiçik dəniz səyahətinə çıxmaq istəyənlər üçün biletlərin qiyməti 3 manatdır. 5 yaşdan aşağılar gəmiyə pulsuz minirlər.

Dənizlə təmasın ömrü qısa oldu

Milli Parkda yaradılmış bütün şəraitə rəğmən insanları narahat edən bir səbəb də var – Xəzərin üfunət iyi verən suları.

Kanalizasiya ilə neft tullantılarının qoxusu bir-birinə qarışdığından isti yay aylarında burada gəzmək daha dözülməz olur. Bulvar rəhbərliyinin yenilik sayaraq haqqında bəh-bəhlə danışdığı sahil zolağındakı beton döşəmənin bəzi yerləri artıq sıradan çıxıb, burda iri çatlar əmələ gəlib və dənizin üzünə yığılan çirkli axıntı həmin deşiklərdən çıxaraq xoşagəlməz mənzərə yaradıb.

Naibə QURBANOVA


Müəllif: