9 İyun 2014 19:25
2 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın hərbi akademiyalarını bitirənlərin ordumuzda olmasının nəyi pisdir?"

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

- Fəzail bəy, Ana Vətən Partiyası bələdiyyə seçkilərində iştirakla bağlı qərar verib. Seçkiyə hazırlıq işləri nə yerdədir?

- Ana Vətən Partiyası iyunun 7-də Ali Məclisinin yığıncağını keçirdi. İclasda qarşıdan gələn bələdiyyə seçkilərində iştirak məsələsi geniş müzakirə olundu. Rayon və şəhər təşkilatlarının məlumatları dinlənildi. Azərbaycanda bələdiyyələrlə bağlı hər kəsə bəlli olan problemlər olsa da, bütövlükdə AVP-nin rayon və şəhər təşkilatları bələdiyyə seçkilərində geniş və kütləvi şəkildə iştirak etmək niyyətində olduqlarını ortalığa qoydular. Biz belə qərara gəldik ki, sentyabrın 15-dək bütün rayon və şəhər təşkilatlarımız respublikanın 60-dan yuxarı rayon və şəhərlərində bütün bələdiyyələrdə maksimum şəkildə iştirak etsin.


- Niyə bələdiyyə seçkiləri ciddi rəqabət şəraitində getmir? Bələdiyyələrin problemlərinin həllini nədə görürsünüz?

- Bizdə qanunvericilik bazası kifayət qədər yüksək səviyyədədir. Azərbaycanda bələdiyyələrin hüquq və səlahiyyətləri, vəzifələri, bütövlükdə fəaliyyəti ilə bağlı təkmil qanun bazası yaradılıb. Bu baza əsasında bələdiyyələrin tam şəkildə fəaliyyətinə geniş imkanlar açılıb. Lakin təəssüflər olsun ki, bələdiyyə seçkilərindən sonra onun formalaşması və fəaliyyətinin reallaşmasında bir sıra rayonlarda yetərincə müdaxilələr var. Onların sərbəst surətdə fəaliyyət göstərməsinə müdaxilələr var. Statistikaya baxsanız, görərsiniz ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin, hüquq-mühafizə orqanlarının daha çox müdaxilə etdiyi məsələlər məhz bələdiyyələr, onların qanunsuz hərəkətləri ilə bağlıdır. Onları bu qanunsuz hərəkətə rayon icra başçıları vadar edir. Lakin icra başçılarının heç yerdə imzaları yoxdur. Bütün hər yerdə bələdiyyələrin imzaları var. Bələdiyyələr öz fəaliyyətlərində icra başçılarının təzyiqi hesabına xüsusilə torpaq alqı-satqısında böyük qanunsuzluqlara yol verirlər. Buna görə də onlar istintaqa cəlb olunurlar. Nazirlər tərəfindən deyil, rayon icra başçıları tərəfindən birbaşa bələdiyyələrin fəaliyyətinə müdaxilələr var və onların sərbəst fəaliyyətinə bir çox hallarda imkan verilmir. Bu problemi hamı bilir və gizlətmək lazım deyil.

- Bəs bələdiyyələrin birləşməsinin effektiv olacağını gözləyirsiniz?

- Bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsi ortalıqdadır. Bununla bağlı artıq müzakirələr də gedir. Milli Məclisin sonuncu sessiyasında xırda bələdiyyələrin böyük bələdiyyələrə birləşməsi barədə qanun layihəsini qəbul etdik. Bunun nə dərəcə effekt verəcəyini gələcək göstərəcək. Bu haqda fikir söyləmək tezdir. Hər halda atılan hər bir addım bələdiyyələrin inkişafına xidmət edir. Lakin nə qədər ki, bələdiyyələrin statusu tam şəkildə həyata keçirilmir və onun həyat keçirilməsində maneçiliklər var, bütün bu birləşmələr, ayrılmalar, təkmilləşmələrlə bağlı atılan addımlar heç bir effekt verməyəcək.

- Avrasiya İttifaqı barədə fikirləriniz necədir? Bu ittifaqın perspektivini görürsünüz?

- Avrasiya İttifaqı haqqında ziddiyyətli fikirlər var. Avrasiya İttifaqını iqtisadi əməkdaşlıq məkanından daha çox siyasi birləşmə kimi də önə çəkirdilər. Xüsusilə rusiyalı politoloqlar bununla bağlı KİV-lərə tez-tez şərhlər verirdi. Lakin bu, keçmiş SSRİ-nin tərkibində olub müstəqillik qazanan dövlətlər tərəfindən rəğbətlə qarşılanmadı. Hətta ideyanın “xaç ata”sı olan Nazarbayev də buna müsbət yanaşmadı. Lukaşenko kimi kifayət qədər Rusiya ilə bağlı olan adamın özünün də dövlət müstəqilliyinin məhdudlaşdırılmasına reaksiyası çox ciddi oldu. İttifaqa daxil olmayan heç bir dövlət istəməz ki, özünün suverenliyini itirsin. Sonra ittifaq iqtisadi əməkdaşlıq məkanı kimi şərh olunmağa başlandı. Bu, bir az cəlbedici oldu. Azərbaycan bu ittifaqa o halda girə bilər ki, Ermənistan işğal etdiyi torpaqlarımızı azad etsin. Bu ittifaqa girəndə bütün ölkələrin sərhədləri, potensial imkanları biri digərinə açılır. Biz imkan verə bilmərik ki, Ermənistanın girmiş olduğu Avrasiya İttifaqına Azərbaycan da daxil olsun və Ermənistan Azərbaycanın imkanlarından istifadə edib güclənsin. Azərbaycan öz dövlət müstəqilliyini və suverenliyini qorumaq, Ermənistanın işğalçı siyasətinə son qoyulması şərtilə gələcəkdə Avrasiya İttifaqına daxil olub orada iqtisadi xarakterli əməkdaşlığa gedə bilər. Bu, mənim subyektiv fikrimdir. Belə olan halda təhlükəli məqamlar görünmür. Yəni, suverenliyim, müstəqilliyim, ordum, öz milli valyutam, dövlət atributlarım varsa, Rusiya, Qazaxıstan, Belorusiya və digər ölkələrlə daha geniş iqtisadi əlaqələr qurmaq olar. Bu baxımdan ittifaqın gələcəyinə heç də bədbin yanaşmaq düzgün deyil.

- Yeni müdafiə naziri Zakir Həsənovun istefa ərizəsi yazdığı barədə məlumatlar yayılıb. “Yeni Müsavat” qəzeti yazıb ki, ona islahatlar həyata keçirilməsi üçün əngəllər yaradılır. Sizcə, bu informasiyada həqiqət payı nə qədərdir?

- Bunlar Azərbaycanı istəməyən qüvvələr tərəfindən ötürülən dezinformasiyalardır. Çox təəssüf edirəm ki, “Yeni Müsavat” qəzeti bunları dərc edir. Zakir Həsənov müdafiə naziri postuna təyin olunandan sonra kifayət qədər ciddi xarakter daşıyan dəyişikliklər aparır. Ordu özünə gəlir, zabitlər öz şərəf və ləyaqətini dəyərləndirərək Azərbaycan dövlətinə xidmət etməkdə qürur hissi duyur. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra dəfələrlə hərbi hissələrdə, cəbhə bölgəsində olub. Erməni gülləsinə tuş gələn igid əsgərlərimiz şəhid olanda baxın görün, müdafiə naziri tərəfindən hansı yüksək səviyyəli münasibətlər özünü göstərməkdədir. Ölümündən sonra zabitlərimizin mükafatlandırılması Zakir Həsənov tərəfindən həyata keçirilən tədbirlərdir. Biz onu müdafiə etməli və ona dayaq olmalıyıq. Çünki müdafiə naziri postu kifayət qədər ciddi vəzifədir. O, hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi üçün çalışır. Biz də öz növbəmizdə çalışmalıyıq ki, onun gördüyü işləri təqdir edək, qoy daha da ruhlansın və işini davam etdirsin.

- Bəs Rusiya meylli generalların orduya gətirilməsi istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

- Rusiya meylli insanların orduya gətirilməsinə ciddi yanaşmıram. Bir tərəfdən NATO, digər tərəfdən Rusiya meylli deyirlər. Azərbaycan özünün Silahlı Qüvvələrini təkmilləşdirməlidir. Dövlətimiz bu istiqamətdə mühüm addımlar atır. Azərbaycan bu gün regionda ən güclü Silahlı Qüvvələrə, hərbi gücə malikdir. Ancaq vaxtilə Rusiyanın yüksək səviyyəli hərbi akademiyalarını bitirənlər bu gün Azərbaycan vətəndaşı kimi ölkəmizə xidmət edirlərsə, bunun nəyi pisdir? Biz hərənin alnından, kürəyindən bir yarlıq yapışdırıb onları cəmiyyətdən təcrid etməklə nə qazanırıq? Bunları düşünmək lazımdır. Elbrus Orucovla bağlı məlumatlar yayıldı. Mən onu tanımıram, şəxsən onun hərbi əməliyyatlarda uğur qazanmağının şahidi olmamışam. Əksinə o zaman Şuşada və Laçında çox biabırçı duruma düşdüyü ilə bağlı məlumatlarla tanışam. Həmin dövrdə Tərtərin icra başçısı, Tərtərin müdafiəsində mühüm rol oynayan Sərdar Həmidovun hesabına Tərtər işğala məruz qalmadı. Sərdar Həmidov obyektiv şəkildə deyir ki, Elbrus Orucovun əlində heç nə yox idi, çünki Rəhim Qazıyev onu ixtiyarında olan bütün imkanlarından məhrum etmişdi. Ona görə də peşəkar hərbçilərin Azərbaycanın yüksək səviyyəli hərbi postlarına gətirilməsinə dedi-qodu ilə yanaşmalı deyilik. Bunların hamısı peşəkar yanaşma tələb edir. İnsanları ləkələyib ruhdan salmaq olmaz.

- 2015-ci il parlament seçkilərində iştirak etməyi düşünürsünüz?

- Hələ seçkilərə il yarımdan çox vaxt var. Sağlıq olsun, hər şey qaydasında olarsa, iştirak etmək niyyətindəyəm.

- Partiyada özünüzə yeni müavinlər təyin etmisiniz? Zahid Orucun yerinə müavin təyinatı baş tutub?

- Zahid Orucun yerinə yox. O, siyasi məsələlər üzrə müavin idi, gedəndən sonra o yeri hələlik boş saxlayıram. Çünki başqa məqsədlərim var. Müavinlər partiyanın qurultayında təyin olunanlardır. AVP-yə kifayət qədər gənclər cəlb olunmaqdadırlar. İmkan verməliyik ki, onlar özlərini təsdiq etsinlər. Gənclər özlərini təsdiq etdikcə, biz o təyinatları aparacağıq.

- Sədrlikdən gedib yerinizi gənclərə verə bilərsiniz?

- Bəli, bu, qətiyyən istisna olunmur.

- 2015-ci ildə yenidən deputat seçilərsinizsə, parlamentdə eyni masanı kiminlə bölüşəcəksiniz?

- Onu gələcək göstərəcək.

Nərgiz


Müəllif: