10 İyun 2014 10:43

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” mövzusunda konfrans keçirilir.

Teleqraf.com-un məlumatına görə, beynəlxalq konfransda çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektlərini əhatələyəcək konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və onun təbliği ilə bağlı fəaliyyət perspektivlərinə stimul verilməsi, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparmaqdır: “Bu gün biz öz hüquqlarımız haqqında danışırıq. Keçmiş dövrlərdən ibrət götürərək, gəlcəkdə bu səhvləri təkrarlamamaq üçün mədəni irsimizi qorumalıyıq.

Ölkə rəhbərliyi də mədəni irsin öyrənilmısinə diqqət ayrılır. Bu konsepsiyanın tərkibində Qafqaz Albaniyasının öyrənilməsi xüsusi yer tutur.

Qafqaz Albaniyası Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Ümumiyyətlə, Qafqaz Albaniyası Azərbaycan xalqına məxsusdur. Bu, bizim ayrılmaz parçamızdır.

Bəzən eşidirik ki, Azərbaycan tarixçilərinin tədqiqatlarında vahid konsepsiya mövcud deyil və düşünürəm ki, bu, müəyyən mənada müsbət haldır. Çünki məsələlərə müxtəlif nəzəri bucaqlardan baxmağımız bizim üçün faydalıdır və ortaq məxrəcə gəlməyimiz üçün müxtəlif düşüncələr lazımdır”.
Nazirin sözlərinə görə, konfrans həm mədəni irsin qorunması, həm də Qafqaz Albaniyasının tariximizdəki rolu baxımından çox əhəmiyyətlidir.

Tədbirdə çıxış edən İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva isə hazırda ermənilərin alban abidələrini özününküləşdirmək istiqamətində yalanlar uydurduqlarını, saxta sənədlər hazırladıqlarını vurğulayıb: “Qafqaz Albaniyasının Azərbaycanın ayrılmaz hissəsi olması barədə xəritələr də mövcuddur. Bu xəritələr mərhum akademik Ziya Bünyadov tərəfindən gündəmə gətirilib. Həmin xəritələrdə Azərbaycan əraziləri qeyd olunur, Qəbələnin paytaxt şəhər olduğu vurğulanır”.

Naibə QURBANOVA


Müəllif: