10 İyun 2014 12:32
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turistlərə xidmət göstərən müəssisələrə xəbərdarlıq edib.

Teleqraf.com-un məlumatına görə, nazir deyib ki, Azərbaycana gələn turistlərə, qonaqlara xidmət göstərən hər bir müəssisə mütləq qanun çərçivəsində çalışmalıdır: “Ona görə də lisenziyalaşdırma mütləq bir amildir, lisenziyaları olmayan təşkilatlar nə dövlət tərəfindən dəstəklənəcək, nə də onların fəaliyyətinə icazə veriləcək”.

Nazirin sözlərinə görə, ötən ilə nisbətən 2014-cü ilin yarım ili ərzində Azərbaycana gələn insanların sayı stabildir: “Ötən ilə nisbətən bu yarım ildə hansısa böyük sıçrayışın, 20-30 faiz artımın olduğunu demək mümkün deyil. Əksinə, təxminən 2-3 faiz artım mövcuddur. Bu, təbii prosesdir.

Bizim əsas məqsədimiz gələn il Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına yüksək səviyyədə hazırlaşmaq məqsədilə bütün müəssisələrin qanunvericiliyə uyğunlaşdırılmasından ibarətdir. Biz elan etmişik ki, olimpiya oyunları zamanı Azərbaycanda otellər lisenziyasız fəaliyyət göstərər bilməyəcəklər. Bu proses yalnız Bakıdakı müəssisələrə deyil, bütün regionlardakı müəssisələrə də şamil olunacaq”.

Nazir bununla bağlı mütəmadi monitorinqlərin keçirildiyini deyib.O, mövsüm qabağı və mövsüm zamanı monitorinqlərin davam etdiriləcəyini vurğulayıb: “Turizm müəssisələrində insanlara göstərilən xidmətlərin kifayət qədər normal olmayan, standartlara cavab verməyən müəssisələrə qarşı müvafiq ölçülər götürüləcək. Bu monitorinq eyni zamanda qabaqlayıcı prosesdir.

Bu, müəssisələrə kömək məqsədi daşıyır. Nəticədə hansısa nöqsanlar, çatışmazlıqlar olan müəssisələrə onları düzəltmək üçün vaxt veririk. Kim onların öhdəsindən gəlirsə, onları aradan qaldırırsa, canla-başla işləyə biləcək”.

Müəssisələrdəki qiymətlərlə bağlı şikayətlərə də toxunana nazir bildirib ki, son 3 ildə Azərbaycanda turizm müəssisələrində qiymətlərin artması müşahidə olunmur: “4 il əvvəl bir il ərzində rəqabət nəticəsində qiymətlərin aşağı salınmasına nail olunub. Bundan sonra artım olmayıb, yəni qiymətlər stabildir. Bu gün hər bir təbəqəyə, imkanlara uyğun olaraq xidmətləri əldə etmək olar. Azərbaycanın bəzi yerlərində səhər yeməkləri də daxil 25-30 manata otellər, kempinqlər var. Eyni zamanda qiyməti 200-300 manata olanlar da var. Çeşidlilik olmalıdır və hər kəs öz asudə vaxtını cibinə görə uyğunlaşdırmalıdır”.

Naibə QURBANOVA


Müəllif: