10 İyun 2014 18:15
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 10-da Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində Daxili Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iclası açaraq qeyd edib ki, ARDNŞ istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramını həyata keçirir.

2013-cü il fevralın 17-də 2013-2014-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla ölkənin ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilib, müsabiqədə ali məktəblərin bakalavriat pilləsinin I-IV və magistratura pilləsinin I-II kurs tələbələri iştirak ediblər.


ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət etmiş 2357 tələbədən 1975 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanıb, onlardan 1639-u test imtahanına buraxılıb. Mayın 4-də müsabiqənin I mərhələsi - test imtahanı keçirilib və ixtisas qrupları üzrə müvafiq keçid balını toplayan 280 nəfər namizəd Daxili Təqaüd Proqramının 2-ci mərhələsinə - müsahibəyə vəsiqə qazanıb.

Mayın 19-dan iyunun 2-dək həftədə 3 gün olmaqla ARDNŞ-nin mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibələr keçirilib. Müsabiqənin şərtlərinə görə hər kurs üzrə 4 baldan yuxarı qiymət toplayan ilk 40 nəfər təqaüdçü seçilir.

İclasda keçirilən müsahibənin nəticələrinə nəzər salınıb və qeyd olunan şərtə cavab verən 126 nəfər namizəd təqaüdçü seçilib. Onlardan 51 nəfəri qaz-neft-mədən, 18 nəfəri avtomatika və İKT, 16 nəfəri kimya-texnologiya, 9 nəfəri tikinti, 9 nəfəri energetika, 7 nəfəri mexanika, 7 nəfəri geoloji-kəşfiyyat, 5 nəfəri iqtisadiyyat, 4 nəfəri isə ekologiya ixtisas qruplarından seçilib.

Bu il ARDNŞ-nin təqaüdünü almaq üçün müraciət edənlər daha çox Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti və İqtisad Universitetinin II və III kurs tələbələri olub.

Naibə


Müəllif: