11 İyun 2014 11:31
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Arzu Bayramlı İTV-də yayımlanan yeni layihədən məktub yazıb.

İctimai Televizya və Radio Yayımları Şirkətinin Baş direktoru Cəmil Quliyevə ünvanlanan açıq məktubda deyilir:

"Hörmətli Cəmil müəllim, İctimai Televizyanın yeni layihəsi olan “Müzakirə vaxtı” verilişinin məndə yaratdığı xoş təəssürat bu məktubu sizə ünvanlamağıma səbəb oldu. Peşəkar jurnalist, eyni zamanda bir tamaşaçı kimi, verilişlə bağlı düşüncələrimi Sizə bildirmək istəyirəm. Danılmaz bir faktdır ki, media orqanları arasında televizya kütləviliyi ilə daha çox seçilir. Çünki onun böyük tamaşaçı auditoriyası var. Evlərimizin dəvətsiz qonağı sayılan televizyalarda isə təəssüf ki, çox vaxt cəmiyyət üçün önəmli, əhəmiyyətli mövzular işıqlandırılıb, onlarla bağlı proqramlar hazırlanmır. Bu gün auditoriyaya daha çox əyləncəli, şou xarakterli, bəzən də cəmiyyət üçün nəinki faydalı, əksinə, zərərli, mənfi meylləri əks etdirən proqramlar təqdim olunur. Belə verilişləri hazırlayan TV-lər sonra özləri “cəmiyyət pozulur, mənfi istiqamətdə dəyişir”- deyib hay-həşir qoparırlar. Ancaq unudurlar ki, cəmiyyətdə müəyyən fikir formalaşdıran, kütləni yönləndirən əsas qüvvə də məhz onlar özləridir.

İctimai televiziyanın hazırladığı “Müzakirə vaxtı” verilişinin bir neçə buraxılışını əvvəldən sonadək diqqətlə izləmişəm. Proqramlardan biri bəşəriyyətin qorxunc bəlası sayılan xərçəng xəstəliyinə həsr olunmuşdur. Bu, çoxlarının toxunmadığı bir mövzudur. Verilişdə “qəhrəmanın” apardığı yaşam mücadiləsi, mübarizəsi cəmiyyətə bir çox mesajlar verdi. Öncə sağalmaz bildiyimiz bəlaya qalib gəlməkdə xəstənin özünə inamı, iradəsi, həyata bağlılığı, savadı, inancı və ən önəmlisi ailə sevgisi, ailə bağlarının möhkəmliyi, həyat yoldaşının sədaqəti, cəfakeşliyi ən güclü mübarizə silahı sayılır. Verilişin qəhrəmanı müalicə aldığı Türkiyədə gördüyü, rastlaşdığı hadisələri, xüsusən də Türkiyə ictimaiyyətinin bu xəstəliyə qalib gəlməkdə bir-birinə necə dəstək olmasını faktlarla göstərirdi. Əlbəttə, bu, Azərbaycan cəmiyyəti üçün də bir örnəkdir. Siz bəzi TV kanallarından fərqli olaraq problemləri çatdırmaqla yanaşı, müsbət nümunələri təbliğ etməklə tamaşaçıya daha böyük fayda vermiş oldunuz. Siz Azərbaycan ailəsinin ekranlarda darmadağın edilmiş imicini bərpa etməklə öz ziyalı mövqeyinizi ortaya qoydunuz. İnanıram ki, Siz də “Müzakirə vaxtı” verilişinə sadəcə bir proqram kimi deyil, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə işıq tutan bir TV-klub kimi baxırsınız.

Verilişin digər bir müsbət tərəfi ekspertlərin düzgün seçilməsi, müzakirənin hay-küydən, qaraqışqırıqdan uzaq, elmi əsaslara söykənməsidir. Millət vəkili Musa Qulıiyev və sosioloq Taleh Şahsuvarlının xəstəliklə, xəstə ilə bağlı söylədikləri fikirlər, apardıqları təhlillər, müqayisələr bu xəstəliklə mübarizədən bir an da geri çəkilməmək fikrini daha da gücləndirir, cəmiyyətin ruhunu silkələyirdi. Sosioloq Taleh Şahsuvarlının “Cəmiyyətin xeyirxahlıq potensialının gücləndirilməsi” fikri isə çox həssas və gərəkli bir təşəbbüsdür. Çünki, Azərbaycan cəmiyyətində hər zaman xeyirxah və xeyriyyəçi insanlar olub.

Təbii ki, verilişin yüksək səviyyədə olmasının bir səbəbi də aparıcı Vəsilə Vahidqızının jurnalist peşəkarlığı, uzun illərin təcrübəsi və mövzuya yanaşma metodudur. Veriliş özünün yüksək səviyyədə ekran həllini də tapmışdır. Oradakı rejissor işi, qurulmuş müasir dekorasiya rəhbərliyin bu layihəyə nə qədər böyük diqqət və önəm verdiyini göstərir. Jurnalistika sahəsində olduğum üçün layihənin ağırlığını, insan taleləri üzərində qurulmasının məsuliyyətini kənardan baxaraq da dərk edirəm və sonda qələbə düsturunun cızılmasının cəmiyyət üçün nə qədər vacib olduğunu qiymətləndirirəm. “Müzakirə vaxtı” ilə həm İTV-nin ekranına, həm də teleməkana ayrı bir rəng qatmısınız. Biz tamaşaçılar bu səpkili verilişləri ekranlarda daha çox görməyi arzulayırıq. Televiziya rəhbərləri və telejurnalistlər isə bir gerçəyi unutmamalıdırlar ki, tamaşaçını yalnız əyləndirmək deyil, bir az da düşündürmək, dinləmək, bilgiləndirmək və onun istəyinə, yaşantısına yönəlik verilişlər hazırlamaq gərəkdir.

Hörmətli Cəmil müəllim, əminəm ki, imza atdığınız bu uğurlu layihə davamlı olacaq və rəhbərlik etdiyiniz televiziyada bu səpkili verilişləri bundan sonra daha çox görəcəyik. Düşünürəm ki, İTV “Müzakirə vaxtı” ilə tamaşaçıya, sadə azərbaycanlılara bir addım da yaxınlaşdı. İctimai televiziyanın cəmiyyətə əsl xidməti də elə budur."


Müəllif: