11 İyun 2014 17:37
389

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olundu.

Fondun mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 35 layihənin ekspertizası nəticəsində 6 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 29 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 4-cü “Mobillik qrantı” müsabiqəsi üzrə 11 qalib layihə müəyyənləşdirilib və ümumi maliyyələşdirilmə həcmi 70100 manatdır.

4-cü “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 9-u qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 2-si isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 3-ü qadındır və qaliblərin yaşı 26-68 arasında dəyişir. Qaliblər əsasən 5-i AMEA institutlarını (Fizika, Neft-Kimya Prosesləri, Geologiya və Geofizika, Coğrafiya və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi), 5-i Təhsil Nazirliyinin qurumlarını (Bakı Dövlət Universiteti, BDU-nun Fizika Problemləri və Tətbiqi Riyaziyyat ET İnstitutları, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti), 1-i isə “Azərkosmos” ASC-ni əhatə edir.
Fizika-riyaziyyat və texnika elmləri üzrə 4, kimya elmləri üzrə 2, Yer haqqında elmlər üzrə 3, humanitar və ictimai elmlər üzrə isə 2 layihə qalib elan olunub.

“4-cü “Mobillik qrantı”nın qalibləri Belçikada (1), ABŞ-da (1), Türkiyədə (2), Avstriyada (1), Portuqaliyada (1), Rusiya Federasiyasında (1), Böyük Britaniyada (2), Almaniyada (1) və Yaponiyada (1) elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.

“Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir.

Qeyd edək ki, “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir. Yaxın günlərdə Elmin İnkişafı Fondu növbəti “Mobillik qrantı” müsabiqəsini elan edəcək.

Ayxan


Müəllif: