11 İyun 2014 18:06
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ərazisində arxeoloji tədqiqatlar aparıb.

Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a daxil olan məlumata görə, AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında bu barədə bildirlib. AMEA-nın prezidenti Akif Əlizadə çıxış edərək deyib ki, araşdırmalar 2010-2013-cü illərdə Qarabağ düzənliyində, Ağdamın işğal edilməmiş əraziləri və Ağcabədi rayonunun şimal-qərbində həyata keçirilib və mühüm nəticələr əldə olunmuşdur.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov sözügedən nəticələr barədə “Qarabağ ərazisində aparılmış yeni arxeoloji tədqiqatlar” adlı məruzə ilə çıxış edərkən deyib ki, arxeoloji kəşfiyyat təxminən 990 kvadratkilometr ərazini əhatə edir.

Ümumən 169 arxeoloji abidə elektron qeydiyyata alınmış və “Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib edilib. Alim bu faktın Qafqaz arxeologiyası üçün yenilik olduğunu deyib. Abidələrin qeydiyyatı ilə yanaşı, 2011-2012-ci illərdə Mədəniyyət Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu ilə birgə Füzuli rayonunun Babı kəndində yerləşən XIII-XIV əsrlərə aid Şeyx Babi türbəsində arxeoloji qazıntı və bərpa-konservasiya işləri aparılmış, nəticədə 2700 kvadratmetr ərazidə xanəgah kompleksi tamamilə qazılaraq üzə çıxarılıb.

Məruzədə həmçinin Qarabağ ərazisində yerləşən erkən oturaq əkinçi-maldar tayfalarına məxsus yaşayış məskənlərində aparılan arxeoloji araşdırmalardan da bəhs edilib. Ekspedisiya qrupu İsmayılbəytəpə Neolit dövrü yaşayış məskənində 400 kvadratmetr, Leylatəpə mədəniyyətinə aid Fərmantəpə yaşayış yerində isə 100 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparıb.

Abidənin mədəni təbəqəsinin qalınlığı və stratiqrafiyası müəyyənləşdirilib. Hər iki abidənin xronoloji dövrünün təyini üçün götürülmüş nümunələr analiz məqsədi ilə Yaponiya və İsrailin müvafiq laboratoriyalarına göndərilib.

SEVİL


Müəllif: