21 Aprel 2014 15:14
561

MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupunun ikinci iclası bu ilin 22-23 may tarixlərində Bakıda keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, iclasda MDB məkanında əlilliyin mövcud dinamikası, onun səbəbləri, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində mövcud vəziyyət müzakirə olunacaq. Eyni zamanda, bu sahədə normativ hüquqi bazanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması, əlilliyi olan insanların cəmiyyətin sosial həyatında fəal iştirakı üçün mövcud maneələrin aradan qaldırılması, belə şəxslərin sosial infrastrukturdan maneəsiz istifadəsinə şərait yaradılması istiqamətində aparılan işlər və s. barədə fikir mübadiləsi aparılacaq. Bu sahədə MDB ölkələri arasında qarşılıqlı məlumat və təcrübə mübadilələrinin aparılması da iclasın əsas mövzularından biri olacaq.

Qeyd edək ki, MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası üzrə işçi qrupuna Birliyə üzv ölkələrin aidiyyatı dövlət qurumlarının mütəxəssisləri və ekspertlər daxildir. İşçi qrupun ilk iclası cari ilin mart ayında Moskvada keçirilib. İclasın yekun qərarlarından biri kimi, növbəti belə iclasın Azərbaycan Respublikasında təşkil olunması qərara alınıb və bu barədə MDB İcraiyyə Komitəsinə müraciət olunub.


Müəllif: