1 Aprel 2016 14:49
622

Bu yaxınlarda 70 illik yubileyi qeyd olunan görkəmli yazıçı Seyran Səxavət Teleqraf.com saytının “Brifinq” layihəsinin qonağı olub.

Redaksiyamıza təşrif buyuran nasir ilin bütün günləri aldadıldığını, yalnız aprelin 1-də ayıq-sayıq dayandığı üçün yalanlardan ziyansız sovuşduğunu deyib.

Yazıçı 1 aprelin gülüş günü adlandırılması ilə razılaşmayıb: “Bu, gülüş günü deyil, onu Bahar qızı kimi sonradan düzəldiblər. Bahar qızını Qar qız darıxmasın, ona rəfiqə olsun deyə uydurublar. 1 aprel yalan günüdür, aldatma günüdür.

İlin 364 günü məni aldadırlar. Amma aprelin 1-i həmişə sayıq oluram. İndiyədək heç kəs həmin gün məni aldada bilməyib. Zarafatcıl dostlarım var, məsələn, deyiblər, Filankəs ölüb, demişəm nə yaxşı, elə çoxdan ölməli adam idi...

Bəzən mən də insanları aldadıram, amma aprelin 1-də yox”.

Seyran Səxavət hava limanında saxlanan, sonra haqqında cinayət işi açılan, uzun illərdir tanıdığı Əkrəm Əylisinin başına gələnlərə belə münasibət bildirib: “Hadisə baş verən günü oxudum ki, Əkrəm hələlik açıqlama vermək istəməyib, deyib sonra geniş danışacağam.

Hadisə haqda heç nə bilmirəm, bəlkə doğrudan polisin əngini əzib, bəlkə heç belə bir şey olmayıb. Adam gərək gördüyü şeydən danışsın. Mən qulağıma elə də etibar edən adam deyiləm, ancaq gözlərimə inanıram”.

Davakarlığın Əkrəm Əylisli təbiətinə yad olmadığını bildirən Seyran Səxavətin sözlərinə görə, onun davakarlığı hər halda beynəlxalq skandal səviyyəsinə çata bilməz: “Məclislərimizdə hərdən əsəbiləşirdi, ərköyünlük edirdi. İndi başı qarışıqdır, yaxşı çıxmaz, bir az keçsin, başımıza gətirdiyi işlərdən danışaram.

Allah Əkrəmə insaf versin, o, böyük yazıçıdır. Əkrəmin “Daş yuxular” əsərində dırnaq yeri də yoxdur ki, onu müdafiə edəm.

Özünə də dedim ki, ay zalım, heç olmasa, bir dırnaq yeri qoyardın da. Ola bilməz ki, bir xalq başdan-ayağa pis olsun. Mümkün deyil”.

“Əkrəm Əylislinin iradlara reaksiyası necə oldu” sualını yazıçı özünəməxsus şəkildə cavablayıb: “Heç, güldü... Onun bir gülüşü var, tanışlığınız yoxdur, bilməzsiniz”.

Seyran Səxavət hesab edir ki, bu gün insanların həmrəyliyə ehtiyacı böyükdür: “Dünya dağılır, özü də özbaşına dağılmır, insanlar dağıdır. Biz gərək son dərəcə həssas davranaq. Adamların bir-birinə ehtiyacı bəlkə də heç vaxt XXI əsrdə olduğu qədər olmayıb.

Düzdür, bütün dövrlərdə yaşamamışam, hər halda 70 ili də havayı yaşamamışam. O mənada son vaxtlar bu qənaətə gəlmişəm ki, bir xalq və dövlət olaraq bu gün birliyimizə daha çox ehtiyac var”.

Seyran Səxavət İrana gedərkən Mərkəzi Komitədən hansı tapşırığı eşidib?

Onu hansı şair “KQB”-yə işləməkdə suçlayıb?

Nə üçün “KQB”-də çalışmaqdan son anda boyun qaçırıb?

Gənc yazarlardan kimin əsərlərini yüksək qiymətləndirir?

Bu və digər mövzularda yazıçının heç vaxt danışmaqdıqlarını “Brifinq” layihəsində oxuyacaqsız. Tezliklə...

Nərgiz Ehlamqızı


Müəllif: