3 Aprel 2016 13:39
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 30-da Somalinin paytaxtı Moqadişo şəhərində öldürülən Azərbaycan vətəndaşı, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızının cənazəsi bu gün anadan olduğu Göyçay rayonuna gətirilib.


APA-nın yerli bürosunun xəbərinə görə, Kəmalə İsmayılova rayonun Ləkçılpaq kəndindəki məzarlıqda torpağa tapşırılıb.


Qeyd edək ki, silahlı şəxslər içərisində Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də yerli sakinlərin olduğu məktəbli mikroavtobusuna hücum ediblər. Nəticədə azərbaycanlı müəllim ölüb, onun iki oğlu - 12 yaşlı Nihad və 10 yaşlı Nicat yaralanıb. Bundan başqa, terror hadisəsi zamanı avtomobildə olan daha 4 nəfər də qətlə yetirilib. Xəsarət alan uşaqlar hazırda Moqadişoda türkiyəli həkimlərinin nəzarəti altında müalicə olunurlar.

Uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən ailə başçısı Əflatun İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Onun həyat yoldaşı Kəmalə İsmayılova isə Somalinin paytaxtında fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimə işləyib. Hadisə barədə xəbəri eşidərək koma vəziyyətinə düşən Əflatun İsmayılovun vəziyyəti normallaşıb və o, dəfn mərasimində iştirak edib.


Müəllif: