5 Aprel 2016 16:32
381

Jurnalist İmdad Əlizadə atasının avtomobil qəzasına uğraması ilə bağlı istintaqın gedişindən narazıdır.

Teleqraf.com xəbər verir ki, İmdad Əlizadənin 70 yaşlı atası, müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza keçirib. Bakının “Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən indiyədək komadadır.

Əli Əliyev fevralın 22-dək Bakıdakı 1 saylı Xəstəxananın (“Semaşko”) reanimasiya şöbəsində saxlanıb. Fevralın 22-də o, Mərkəzi Klinik Xəstəxanaya köçürülüb və hazırda reanimasiya şöbəsindədir. Həkimlər iki aya yaxındır onu komadan ayılda bilmirlər.

Qeyd edək ki, Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Əli Əliyev altı övlad atasıdır. Ölkənin tanınmış jurnalistlərindən olan İmdad Əlizadə onun böyük oğludur.

Aprelin 5-də yaydığı açıqlamasında İmdad Əlizadə bildirir ki, qəzanın istintaqını Nərimanov Rayon Polis İdarəsi aparır: “Mənə verilən məlumata görə, Cinayət Məcəlləsinin 263.1-1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işinə başlanıb. Hadisə yeri müayinə olunub. Sürücünün ifadəsi alınıb. O, atamla birgə yolu keçən, tanımadığımız digər şəxsi də vurub. Həmin adam da ağır xəsarət alıb. Amma huşu yerində olduğundan polisə ifadə verə bilib. Atam isə qəzaya uğradığı andan komaya düşdüyündən onun ifadəsini almaq hələ mümkün olmayıb.

Nərimanov Rayon Polis İdarəsində işi əvvəlcə müstəntiq Cavid Mirzəli aparırdı. Sonra iş idarənin digər zabiti, polis mayoru Rafael Cəfərova verildi. Əvvəlcədən hər iki müstəntiqə bildirmişdim ki, hadisə yerində çoxsaylı təhlükəsizlik kameraları var, kamera görüntülərinin götürülməsini istəmişdim. Bildirmişdilər ki, problem yoxdur, kamera görüntüsü götürüləcək. Bununla bağlı Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinə müraciət olunduğunu, görüntülərin oradan polis idarəsinə göndərilməsinin təxminən bir ayadək vaxt aparacağını söyləmişdilər. Biz də səbirlə, istintaqın işinə müdaxilə etmədən bir aydan artıq gözlədik.

Axırda Nərimanov Rayon Polis İdarəsindən bizə nə cavab verilsə yaxşıdır?! Deyirlər görüntülər silinib. Təsəvvür edirsinizmi? Şəxsən mən təsəvvür etmirəm. Eşidib-bilən dost-tanışlarımız, yaxınlarımız da buna yalnız təəccüblənirlər, amma təsəvvür edə bilmirlər. Heç kim, maraq üçün müraciət etdiyim hüquq ekspertləri də təsəvvür etmir ki, “Təhlükəsiz Şəhər”də iki nəfərin ağır yaralanması ilə nəticələnmiş, paytaxtın strateji sayılan yollarından birində baş vermiş, hadisədən dərhal sonra polis araşdırmasına cəlb edilmiş, cinayət işi qaldırılmış bir qəzanın görüntüsü qalmayıb. Bu məsələ istintaqın qeyri-obyektiv aparıldığı haqda şübhələrə rəvac verir.

Mən mətbuat vasitəsilə ölkəmizin daxili işlər naziri general-polkovnik Ramil Usubova müraciət edirəm. Jurnalist təcrübəmdən yaxşı bilirəm ki, cənab Ramil Usubov belə müraciətlərə diqqətlə yanaşır. Mənim müraciətimin də diqqətdən kənar qalmayacağına ümidliyəm. Cənab nazirdən xahiş edirəm ki, vaxtilə 54 günlük erməni mühasirəsindən salamat çıxmış atamın iki aya yaxındır komaya düşməsinə səbəb olan bir qəzanın obyektiv araşdırılmasına göstəriş versin”.


Müəllif: