17 İyun 2014 18:22
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 İyun - Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə acan nazir ilk olaraq bütün tibb işçilərini peşə bayramı münasıbəti ilə təbrik etdi onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzulayıb.

Qeyd olunub ki, tibb işçiləri bu bayramı ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında qeyd edirlər. Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradıb və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 600-ə yaxın yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir.

Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. 2011-ci ilin sentyabr ayında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyasının Bakıda keçirilmiş və Azərbaycan bu qurumun İcraiyyə Komitəsinin üzvü seçilib. Bu, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının nəticəsidir.

Sonra nazir O.Şirəliyev kollegiya iştirakcılarına səhiyyənin prioritet istiqamtlərindən- kardiocərrahiyyə, sümük iliyinin transpalntologiyası, irsi qan xəstəlikləri və.s. istiqamətlərində görülən işlər, əldə olunan nailiyyətlər haqqında danışıb.

Daha sonra kollegiya katibi Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar Həkim” və “Əməkdar Müəllim” medal və adlarla təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncamını səsləndirib. Tədbirin sonunda sıra tibb işçisinə mükafat və hədiyyələr təqdim olunub. Rəsmi hissə bitdikdən sonra Səhiyyə Nazirliyində bayram tədbiri düzənlənib.

Naibə


Müəllif: