2 May 2016 17:53
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternat evlərində qalan uşaqların taleyi ilə bağlı suallarımızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi baş mütəxəssisi Pərviz Əliyev cavablandırdı.

-Pərviz müəllim, bu yaxınlarda Təhsil Nazirliyi internat evlərinə daha çox uşaq göndərən rayonların adlarını açıqladı. Əsasən internatlara hansı uşaqlar yerləşdirilir?

- Müxtəlif səbəblərdən söz aşmaq mümkündür. Bəzi internat evləri sırf sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşıb. Valideyn yaşadığı əraziyə yaxın yerdə müvafiq reabilitasiya mərkəzi tapa bilmədikdə, sağlamlıq imkanları məhdud uşağını evdə saxlaya bilmir, məcbur olub onu internata yerləşdirmək qərarına gəlir.

Yaxud valideyn himayəsindən məhrum uşaqlar üçün internat evləri var ki, burada aztəminatlı ailələrin uşaqları qalır. Evi olmayan və ya ev olub, övladını böyütməyə şəraiti olmayan ailələr də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirlər. Uşağa internat evində baxa bilirlər deyə övladını ora vermək istədiklərini bildirirlər. İcra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyi ilə onların övladları internat evlərinə yerləşdirilir.

Bəzi hallarda valideyn tək olur, işləyir və nəzarətsiz qalmasın deyə uşağını internat məktəbinə verir.

-Bəs nədən həmin valideynlərin bir çoxu internat evində qalan uşağına baş çəkmək istəmir?

- Biz Komitə əməkdaşları olaraq vaxtaşırı internat tipli müxtəlif müəssisələrə gedirik. Müşahidəmizə görə, əksər valideynlər mütəmadi olaraq uşaqlarına baş çəkirlər. Ancaq ümumiyyətlə uşaqlarına baş çəkməyən valideynlər də az deyil. Həmin valideynlərlə də görüşlər keçirik.

İnternat evinə gedib uşaqlarına baş çəkməmələrinin səbəbini soruşuruq. Onlar bildirilər ki, bunun üçün sadəcə maddi imkanları yoxdur.

Yeri gəlmişkən, Azərbaycanda hər rayonda internat məktəbi yoxdur. Regionlar üzrə ayrı-ayrı rayon mərkəzlərində internat məktəbləri fəaliyyət göstərir. Həmin rayon mərkəzinə yaxın ərazidə yerləşən rayonların sakinləri uşaqlarını internat evlərinə gətirirlər. Məsələn, Lənkəranda cəmi bir internat evi var. Astaradan olan valideyn uşağını Lənkərandakı internat evinə yerləşdiribsə, hər gün gəlib uşağına baş çəkə bilməz axı... Həftədə, ayda bir dəfə uşağının görüşünə gəlir.

Bəzən belə bir təəssürat yaranır ki, valideyn məsuliyyətsizlik edir, övladını baxımsız qoyur. Halbuki bu, düzgün yanaşma deyil.

-Uşaqlar hansı hallarda öz ailələrində qala bilməzlər?

- Bizə övladını internata yerləşdirmək istəyən valideynin ailəsini araşdırırıq, sosial vəziyyəti ağırdırsa, onları ünvanlı yardıma yönəldirik, ailə başçısının işlə təmin olunmasına yardım göstəririk.

Bəzən araşdırma zamanı məlum olur ki, evdə 4-5 nəfər yaşayır. Biri ruhi xəstədir, biri narkomandır... Uşağın belə dözülməz şəraitdə qalması əslində onun özünə ziyandır. Bu halda qərar verilir ki, uşağın tərbiyəsi və gələcək inkişafı naminə internatda qalması daha münasibdır.

-Pərviz müəllim, hazırda internat evlərində nə qədər uşaq var?

-2015-ci ilin statistikasına görə, internat evlərində ümumilikdə 10097 uşaq məskunlaşıb. Uşaq evində 610, körpələr evində 155, əlil uşaqlar üçün internat məktəbində 2483, valideyn himayəsindən məhrum uşaqlar üçün internat evində 414 nəfər qalır.

Ümumtəhsil internat məktəblərində isə uşaqlar daimi qalmır. Yəni, həftə sonu evlərinə gedirlər. Həmin uşaqların sayı 6435 nəfərdir.

-Sizcə, Azərbaycanda uşaqların hüquqları daha çox hansı sahələrdə pozulur?

-Uşaq hüquqları hər sahədə pozula bilər. Dövlət Komitəsi uşaqlarla bağlı kompleks plan hazırlayır. Onların hüquqları harada pozulursa, ona qarşı profilaktik iş aparılır. Hüquqpozma faktlarına ailələrdə də, məktəblərdə də, müxtəlif sahələrdə əməyə cəlb olunma yerlərində də rast gəlinir. Erkən nikahı da bura əlavə etməliyik.

Bəzən ailələr zorakılığı yalnız uşağı döymək kimi başa düşürlər. Halbuki adi mübahisənin özü də uşaqlara qarşı zorakılıq kimi qəbul olunur. Bundan başqa, uşağa diqqətsizlik, onlara lazımi vəsaitin ayrılmaması da zorakılıq növləridir.

Bununla belə, desəm ki, Azərbaycanda uşaq hüquqlarının pozulması ilə bağlı daha çox diqqət yetirilməli prioritet sahə var, yanlış olar...

-Təmsil etdiyiniz Dövlət Komitəsi uşaq hüquqlarının qorunması üçün daha hansı addımların atılmasını planlaşdırır?

- Dövlət Komitəsi hazırda ailədaxili uşaq zorakılığı və uşaqlara baxımsızlıqla bağlı UNİCEF-lə birgə tədbirlərə üstünlük verir. Uşaq intiharları da diqqət mərkəzindədir. Bəzən bu intiharlar ailədaxili zorakılıqla əlaqədar olur.

Küçə uşaqları ilə bağlı bizə tez-tez zənglər gəlir. Düzdür, həmin uşaqların sayında azalma gedir. Ancaq bu tendensiya yetərincə deyil.

Keçən il uşaq əməyi ilə bağlı regionlarda monitorinq apardıq. Təhsildən yayınan uşaqlar aşkarlandı və biz onları təhsilə cəlb etdik. Araşdırırıq ki, uşaq dərsə gəlmirsə, ailənin hansı problemləri var və problemlərin həlli istiqamətində iş aparılır.

Bu ilin ikinci yarısında zorakılıqla bağlı ciddi bir tədbir nəzərdə tuturuq.

-Yeniyetmə yaşına çatan uşaqlar internat evini tərk edən zaman onlara qayğı göstərilirmi?

-Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “Məzun evi” tikərək istifadəyə verib. İnternatı bitirən uşaqlar həmin evlərdə yerləşdirilirlər. Ancaq onların iş məsələsi hələ ki həllini gözləyir.

Mənzil təminatı ilə iş bitmir. Əslində, valideyn himayəsindən məhrum uşaqların iş məsələsini qanuna uyğun olaraq yerli icra hakimiyyəti orqanları həll etməlidir. Amma onların işlə təminatı hansı formada, hansı istiqamətdə həyata keçirilmədir – bu, bəlli deyil.

Beləliklə, internatdan sonra gənclərin yaşayış yeri məsələsi həllini tapır, işlə təmin olunma qalır. Bununla bağlı müəyyən layihələr reallaşdırılır. Bəzi internat məktəblilərin uşaqları üçün Əmək və Əhalinin Müdafiə Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə peşə kursları təşkil edir. Hesab edirik ki, peşə təlimindən sonra onlar özlərinə iş tapa bilirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif: