4 May 2016 19:54
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın kredit razılaşması əsasında silah alması barədə məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com sorğusuna cavab olaraq bildirilib ki, müharibə edən ölkə üçün 200 milyon ABŞ dolları cüzi bir məbləğdir, bu pulla ordunu silahla təmin etmək mümkün deyil: "Nəzərə alsaq ki, hazırda Ermənistanda korrupsiya və rüşvətxorluq tüğyan edir və ölkələrinin rəhbərliyində təmsil olunan şəxslərin hamısı kriminal ünsürlərdir, bu pulların böyük bir hissəsinin elə həmin rejim tərəfindən mənimsəniləcəyi şübhəsizdir".

Qeyd olunur ki, son illər Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın istismar müddəti çoxdan başa çatıb: "Uzun illər öncə istehsal edilən və istifadə olunmayan, istismar müddəti bitmiş silahlar və hərbi texnika kredit yolu ilə Ermənistana verilir. Biz bunun aprel əməliyyatlarında canlı şahidi olduq. Son əməliyyatlarda ermənilərin atdığı mərmilərin əksəriyyəti köhnə olduğu üçün partlamadı, torpağa batıb qaldı. Həmin mərmilər hərbçilərimiz tərəfindən yığılaraq məhv edildi".

Nazirlik bildirir ki, Ermənistan rəsmilərinin bundan əlavə basqa mənbələrdən də silah alması barədə səsləndirdikləri fikirlərdə də "blefdir": "Apreldə Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, diaspor təşkilatları yardım üçün 5-6 milyon ABŞ dolları yığıb. Bu məbləğ isə çatsa-çatsa, apreldə məhv edilən erməni hərbçilərinin dəfn mərasimlərinə və onların ailələrini susdurmaq məqsədilə verilən yardımlara bəs edər. O ki qaldı, 1980-ci illərdə istehsal olunan texnikanın "super" vəziyyətdə olması barədə Arsrun Ovannisyanın açıqlamalarına, bu da ermənilərin növbəti bir uydurmasıdır. Çünki 30 il bundan əvvəl istehsal olunan silahları alıb və onları tərifləyərək müasir silahlarla müqayisə etmək də bir nağıldır. Xüsusi olaraq onun da qeyd etmək istərdik ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi, əlavə döyüş ehtiyatlarının yaradılması, müasir silah və texnikanın, digər hərbi elementlərin alınması məqsədilə Silahlı Qüvvələrimiz üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb".

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan bildirib ki, mövcud kredit razılaşması əsasında Rusiya Federasiyasından Ermənistana silah göndərilməsi prosesi artıq başlayıb. O, dövlət maraqları ilə bağlı olduğu üçün silahların çatdırılma müddəti və təchizat məsələləri ilə əlaqədar açıqlama verməyib. Bununla yanaşı, A.Ovannisyan qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil: "Kredit barədə söhbət getməyəndə də biz planlı şəkildə Ermənistan ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışıq".

A.Ovannisyanın sözlərinə görə, Rusiya Federasiyası ilə olan kredit razılaşmasına əsasən, təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusiyanın ən yaxşı hərbi texnikası 1980-ci illərdə buraxılandır.

Xatırladaq ki, Rusiya Federasiyası Ermənistana silah-sursat və hərbi texnika almaq üçün 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb.


Müəllif: