7 May 2016 16:25
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlətlər və millətlər arasında əlaqə və münasibətləri müəyyənləşdirən başlıca amillərin təbiətində köklü dəyişikliklər baş verməsinə baxmayaraq, dinlər və mədəniyyətlərarası dialoq ictimai müzakirələrin və siyasi proseslərin ümumi istiqamətinə təsir göstərmək imkanlarını saxlamaqdadır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, dövrümüzün ümumi sivilizasiya mənzərəsinə öz möhürünü vuracağına böyük ümidlər bəslənilən bu fenomen bəşəriyyətə “multikulturalizm” adı ilə təqdim edilir: “Son illər ərzində dünyada regional münaqişələrin artması, bir çox Avropa ölkələrində ifrat milliyyətçilik hərəkatlarının güclənməsi multikulturalizmin gələcəyinə baxışlarda optimizmin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmışdır. Dini tolerantlıq və sivilizasiyalararası münasibətlərdəAzərbaycanın nümunəsinin və ölkə rəhbərliyinin qəti siyasi mövqeyinin multikulturalizmin taleyi ilə bağlı məyusluğun aradan qalxmasına ciddi təkan verəcəyi şübhə doğurmur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin daxili siyasi xəttində multikulturalizmə xüsusi həssaslıq nümayiş etdirilməsinin Azərbaycan dövlətinin tolerant dəyərlərə dərin sədaqətindən irəli gəldiyini söyləsək yəqin ki, həqiqəti ifadə etmiş olarıq. Bu siyasətin Heydər Əliyev tərəfindən əsası qoyulan bünövrəsi ölkədəki bütün dinlərə və mədəniyyətlərə hörmətlə yanaşılması, onların bərabər inkişafı üçün hər cür imkanların yaradılması kimi dəyərlərə istinad edir”.

Baş nazirin müavini bildirib ki, azərbaycançılıq ideologiyası ayrı-ayrı dinlərin və sivilizasiyaların nümayəndələrinin vahid cəmiyyətdə və dövlətdə bərabər hüquqlar şəraitində yaşamasını, dini etiqad azadlığını təmin edən dünyagörüşü kimi qəbul edilir. Onun sözlərinə görə, Azərbaycanda multikulturalizmin bərqərar olub inkişaf etdirilməsinə obyektiv səbəblərin mövcudluğu mühüm rol oynamış və oynamaqdadır: “Müxtəlif dinlərin və sivilizasiyaların vahid məkanda yaşaması cəmiyyətimizin aparıcı dəyərləri sırasında daim əhəmiyyətli yer tutub. Burada ayrı-ayrı dinlərin, dillərin və mədəniyyətlərin yaşamasına hər hansı məhdudiyyətlər qoyulmayıb, əksinə bütün imkanlar təmin edilib. Azərbaycanın malik olduğu unikal coğrafi-mədəni mühiti haqqında bəhs olunan multikultural dəyərlər sisteminin formalaşmasına əlavə təkan verib, Qərblə Şərqin, Asiya ilə Avropanın, İslam mədəniyyəti ilə digər dinlərin qovuşduğu coğrafiya missiyasını əsrlər boyu ləyaqətlə daşıyıb. Bunun sayəsində tolerantlıq, dini dözümlülük azərbaycanlıların dünyagörüşünün ayrılmaz tərkib hissəsinə çevrilib, cəmiyyətin zəngin mənəvi koloritini formalaşdırıb”.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra ilk illərdə milli dövlətçiliyin yarana bilməməsi, həm də lazımi təməl prinsiplərinin olmaması ilə izah edilməlidir: “Gənc, müstəqli Azərbaycan dövlətinin təməl prinsiplərinin müəyyən edilməsi də, həmin prinsiplər əsasında yeni dövlətin qurulması da tarixi missiya kimi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidməti kimi tariximizə yazılmış oldu”.

Əli Əhmədov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunması cəmiyyətdə bir sıra qorxulu meyillərin tüğyan etdiyi dövrə təsadüf edirdi: “Belə təhlükəli meyillərdən biri, “suverenlik paradı” adını almış yanlış müstəqillik dünyagörüşünə əsaslanan separatçılıq hərəkatı idi. Hər hansı obyektiv əsas və səbəb olmasa da, separatçılıq Azərbaycandan yan keçməmişdi”. Onun sözlərinə görə, hakimiyyətdə təmsil olunanların dardüşüncəliliyi və siyasi prosesləri düzgün qiymətləndirə bilməmələri həmin meyillərin genişlənməsinə və təhlükəli parametrlər kəsb etməsinə bir növ zəmin hazırlayırdı. Cəmiyyətə birlik və monolitlik naminə ümumi birləşdirici ideya təqdim edilməmişdi ki, bundan da separatçılar ustalıqla qidalanırdılar: “Heydər Əliyevin tarixi qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm siyasətin həyata keçirilməsinin başlanğıcı oldu. Onun rəhbərliyi altında həyata keçirilən çoxşaxəli layihələr sırasında cəmiyyətin tolerantlıq kimi təməl prinsipinin formalaşdırılması ayrıca qeyd olunmağa layiqdir. Heydər Əliyevin dövlət quruculuğu strategiyasında tolerantlıq cəmiyyətin birliyi və monolitliyinin təmin edilməsinin fundamental əsası olmaqla yanaşı, eyni zamanda onun müasir dəyərlər sistemini mənimsəməsinin, müasir imicinin bərqərar olmasının mühüm parametri qismində çıxış edir. Heydər Əliyev Ona xas olan müdriklik və uzaqgörənliklə başa düşürdü ki, Azərbaycan kimi tarixən çoxmillətli və çoxkonfessiyalı milli-mənəvi struktura malik olan ölkənin həyat qabiliyyəti onun milli və dini dözümlülük xarakterindən bilavasitə asılıdır. Vaxtilə cəmiyyətə “xalqlar dostluğu”, “beynəlmiləlçilik” adları ilə təqdim olunan dini-etnik-mənəvi hadisə yenicə qurulan müstəqil dövlətin təməl prinsiplərindən biri kimi, lakin mahiyyətcə fərqli ideya formasında təqdim edilirdi. Tolerantlıq şəraitində istənilən dini və ya etnik birliyin nümayəndəsi öz kimliyi zəminində inkişaf etmək, cəmiyyətə daşıdığı milli və dini dəyərləri sistemi ilə birlikdə töhfə vermək, özünəməxsusluğunu qoruyub saxlamaq imkanlarına sahibdir. Bu imkanlar, hər şeydən əvvəl, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasında tanınmışdır. Əsas Qanunun 25-ci maddəsində qeyd olunur: “Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən... asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini,... mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır”. Qeyd etmək önəmlidir ki, multikulturalizm anlayışı yalnız Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının bərabərliyi ilə kifayətlənmir. Cəmiyyətdə qərarlaşmış dəyərlər sistemi, müxtəlif mədəniyyətlərin mövcudluğu və inkişafı üçün rəsmi siyasət səviyyəsi ilə yanaşı, insanlararası münasibətlər müstəvisində əlverişli mühitin təmin edilməsi də öz növbəsində, multikulturalizmin fundamental şərtləri sarasında yer tutmaqdadır”.

Əli Əhmədov qeyd edib ki, Heydər Əliyevin multikulturalizm sahəsində baxışları ən ümumi şəkildə Onun müstəqil Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərindən hesab olunan azərbaycançılıq ideologiyası kontekstində nəzərdən keçirilə bilər: “Azərbaycançılıq cəmiyyətin mədəni, dini, etnik rəngarəngliyi zəminində vahid milli-siyasi toplumun formalaşmasını nəzərdə tutur. Bu ideologiya müxtəlif mədəniyyətlərin birgə yaşamasını nəinki mümkün sayır, habelə onu müasir cəmiyyətin ayrılmaz mənəvi xüsusiyyəti hesab edir”.

O qeyd edib ki, azərbaycançılıq müstəqil dövlət maraqları naminə və çərçivəsində fərqli sivilizasiyaların, dinlərin və etnik birliklərin öz xüsusiyyətlərini saxlamaqla vahid tam kimi çıxış etməsi anlamında qavranılır: “Bu halda, müxtəliflik cəmiyyətin kamilliyini, dövlətin isə gücünü və qüdrətini ifadə edir. Azərbaycanın müstəqli dövlət quruculuğunda tolerantlıq, sivilizasiyalararası dialoq amilinin mühüm rol oynadığını söyləmək üçün kifayət qədər əsaslar mövcuddur. Hazırda multikulturalizm adını almış sosial hadisə Azərbaycanın təkcə tarixi ənənəsi və milli-mənəvi xüsusiyyəti deyil, həm də ölkəmizdə milli dövlət quruculuğunun və müasir cəmiyyətin formalaşmasının fundamental təməl prinsiplərindən biridir. Bu mənada, Ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı, habelə onun inkişafını və təkmilləşməsini multikulturalizm kimi mədəni və mənəvi dəyərdən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür. Multikulturalizm Prezident İlham Əliyev tərəfindən Azərbaycan cəmiyyətinin formalaşmış modelinə yeni çalarlarla daxil edilmiş mədəni-mənəvi dəyərdir. Prezident İlham Əliyevin baxışları kontekstində multikulturalizm Azərbaycan cəmiyyətinin təbiətini, dəyərləri sistemini, dünya birliyinə inteqrasiya istəklərini bütün çılpaqlığı ilə dərk etməkdə açar rolunu oynayır. Müasir Azərbaycan cəmiyyətində multikulturalizm onun mədəniyyətinin təbiətindən irəli gəlir”.

Əli Əhmədov bildirib ki, Azərbaycan mədəniyyəti və bu mədəni dəyərlər əsasında qərar tutan cəmiyyət təcridlikdən uzaq olması ilə seçilir. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının təxminən 20 faizinin Ermənistan işğalçı qüvvələri tərəfindən zəbt olunmasına, işğalın 25 ildən çox davam etməsinə, on minlərlə insanlarımızın etnik mənsubiyyətinə görə qətlə yetirilməsinə baxmayaraq, cəmiyyətdə tolerantlığın mövqelərinə zərbə vura biləcək dini, irqi, etnik dözümsüzlük halları yayıla bilməmişdir: “İşğalçı Ermənistanın monoetnik cəmiyyət modelinə Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı, tolerantlıq əsasında qərar tutmuş modeli qarşı durmaqdadır. Müasir Azərbaycanın reallıqları şəraitində multikulturalizmi sosial hadisə olaraq reallaşan ölkəmiz, eyni zamanda, multikulturalizmin nəzəri cərəyan kimi daha da kamilləşməsinə və təbliğinə böyük önəm verir. Müxtəlif illərdə Bakıda sivilizasiyaların, dinlərin və mədəniyyətlərin dialoqu mövzusunda keçirilən beynəlxalq forumlar bir yandan sözügedən sahədə Azərbaycanın unikal təcrübəsini dünyaya təqdim etmək məqsədi daşıyır, digər tərəfdən isə multikulturalizmə Avropada, bütünlükdə Qərb ölkələrində son zamanlarda müşahidə olunan inamsızlığın aradan qaldırılmasına xidmət göstərir. Müəyyən mənada, Azərbaycanın multikulturalizmin mühüm regional, hətta beynəlxalq mərkəzinə çevrildiyini söyləmək həqiqətin etirafı kimi qavranılmalıdır. Tam məsuliyyətlə iddia etmək mümkündür ki, bir çox Avropa ölkələri, beynəlxalq təşkilatlar ölkəmizi məhz multikultural dəyərlərini mənimsəyib, özünün həyat tərzinə çevirib və bu sosial-mənəvi hadisəyə möhtəşəm töhfələr verən cəmiyyət olaraq qəbul edir və dəyərləndirir”.

O qeyd edib ki, Azərbaycanda tolerantlıq və sivilizasiyalararası dialoq mövzusuna ilk müraciət edən qurumlardan biri Yeni Azərbaycan Partiyası olub. Əli Əhmədovun sözlərinə görə, 2008-ci ildə partiyanın təşəbbüsü və təşkilatçılığı ilə “Sivilizasiyalararası dialoq: siyasi partiyaların rolu” mövzusunda keçirilən beynəlxalq konfrans ölkəmizdə multikulturalizm probleminə həsr olunan ilk forumlar arasında xüsusi rol oynayır. Konfransda 60-dan çox ölkədən nümayəndənin iştirakı, forumda Avropa, Asiya, Amerika və Afrika qitələrinin təmsil olunması onun beynəlxalq mənası və əhəmiyyəti haqqında müfəssəl təsəvvür yaradır. Hazırda bütün dünyada multikulturalizm, sivilizasiyalararası münasibətlər böhran dövrünü yaşayır. Sivilizasiyaların və dinlərin dialoqunu qarşıdurmaların əvəz etməsi təhlükəsi artmaqdadır. İnkişaf etmiş Qərblə maddi sıxıntılardan əziyyət çəkən Şərq və Afrika arasında ziddiyyətlər dərinləşir. “Yaxın Şərq baharı” adını almış, mahiyyətcə isə bir sıra ölkələrdə müharibələrin tüğyan etməsi, on minlərlə insanın həlak olması, bir sıra hallarda kənardan, əsas etibarilə Qərbdən olan müdaxilələrin sabitlik yaratmaq əvəzinə, insan faciələrinin miqyasının artmasına səbəb olması deyiləni təsdiq edən çoxsaylı faktların kiçik qismidir. Orta Şərqdən və Afrikadan Avropaya məcburi çoxsaylı insan köçü əslində, humanitar fəlakətin qurbanlarının baş verənlərə, yaşamış olduqları məşəqqətlərə, tökülən qanlara, viran olan məmləkətlərinə görə ifadə edəbildikləri etiraz, bəlkə də üsyandır. İndi Avropanın həmişə təbliğ etməyə çalışdığı tolerantlıq, multikulturalizm ağır sınaq qarşısındadır. Qışın soyuğunda Avropanın çöllərində sığınacaq axtaran və çox zaman onu tapa bilməyən on minlərlə insan, xüsusilə də azyaşlı uşaqlar və qadınlar, multikulturalizmə baxışın kökündən dəyişdirilməsini tələb edir. Qəti şəkildə inanıram ki, Azərbaycanın təcrübəsi Avropanın bu sahədə axtarışlarının daha düzgün və səmərəli istiqamətdə aparılmasına töhfə ola bilər”.

Nərgiz


Müəllif: