18 İyun 2014 23:49
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü ərəfəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, idmançı və ictimai fəal gənclərin Naftalan şəhərində və Tərtər rayonu ərazisində ön xətdə xidmət edən əsgərlərlə görüşü keçirilib.

Teleqraf.com-un məlumatına görə, qonaqlar əvvəlcə Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə olublar.

Əsgərlər qarşısında çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli ölkəmizdə ordu quruculuğu sahəsindəki uğurlardan bəhs edib, əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildirib.

Sonra “Şur” ansamblının ifasında konsert proqramı olub.

Daha sonra qonaqlar Tərtər rayonunun düşmənlə təmasda olan ərazisinə - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xidmət etdiyi və hazırda onun adını daşıyan “Mübariz” postuna gəliblər. Onlar düşmənlə üz-üzə olan postda əsgərlərin vəziyyəti, yataq, yemək, döyüş şəraiti ilə tanış olub, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə edibər. Qonaqlar əsgərləri bayram münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb, onlarla qürur duyduqlarını bildiribər.

Xidmətdə fərqlənmiş əsgərlərə, həmçinin kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə müxbirlərinə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.


Müəllif: