13 May 2016 16:13
1 139

Bu yaxınlarda BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev ölkədəki cinsi balansla bağlı həyəcan doğuran açıqlama verdi. O bildirdi ki, Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada Çindən sonra ikinci yerdədir.


Fərid Babayevin sözlərinə görə, hazırda Azərbaycanda 116 oğlana 100 qız düşür. Bu o deməkdir ki, oğlanlar qızlardan 10-11 faiz çoxdur. Azərbaycanda cinsi nisbətin pozulma dinamikası 1998-ci ildən artıb.

Cinsi tarazlığın pozulmasında əsas amillər selektiv abortların geniş yayılması, sosial, iqtisadi amillər, qadınların məşğulluq səviyyəsinin artmasıdır. Eyni zamanda, qadınlar arasında kontraseprivlərdən istifadə hallarının çoxalması ümumi doğum əmsalının aşağı düşməsinə gətirib çıxarır.

Fərid Babayev hesab edir ki, kontraseptivlərdən istifadə məsələsi cins nisbətinin aradan qaldırılmasına dair dövlət proqramına inteqrasiya olunmalıdır.

“Ciddi cəza nəzərdə tutulacaq”

Millət vəkili Musa Quliyev Teleqraf.com-a açıqlamasında deyib ki, uşağın cinsinin bilinib abort edilməsi qanunla qadağan olunacaq: “ Bu məsələ “Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanunda öz əksini tapıb. Qanun layihəsi hazırdır, Milli Məclisin yaz sessiyasında baxılacaq.

Layihəyə əsasən, dölün 12 həftəliyindən 22-ci həftəliyinə qədər olan dövrdə sosial göstərişlərə görə abort edilməsi həkim konsiliumunun qərarı ilə həyata keçirilə bilər. Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın hüququdur. Bu qanun layihəsinin müzakirəsinin təxirə salınması səbəbi isə onun milli mentalitetə uyğun gəlməməsi ilə izah edilir”.

Musa Quliyev deyir ki, selektiv abortlara Səhiyyə Nazirliyi nəzarət etməlidir: “Fikrimcə, belə abort edən qadınlara Səhiyyə Nazirliyi nəzarəti gücləndirməlidir. Qeyd edim ki, “Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanunda selektiv abort edən həkimin fəaliyyətinin dayandırılması və məsuliyyətə cəlb olunması kimi ciddi şəkildə cəza nəzərdə tutulacaq”.

80 faizdən çox süni yolla abort

Fərid Babayev deyib ki, Azərbaycanda hamiləliklərin təxminən yarısı süni yolla dayandırılır: “Süni abortla dayandırılan hamiləliyin sayı qadının yaşı və hamiləliyin sayı artdıqca daha da yüksəlir. 30-35 yaş arası qadınlarda hamiləliklərin dörddə üçü süni şəkildə dayandırılır".

Fərid Babayev qeyd edib ki, Azərbaycanda süni abortlardan əsas etibarilə ailəli qadınlar ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə edirlər: “İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu faiz 80 faizə qədər qalxır”.

Bəs rəqəmlər nə deyir?

2000-ci il ilə Azərbaycanda ümumi abortların sayı 17 min 500 olubsa, 2012-ci ildə artıq bu göstərici 31 minə çatıb. 2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir.

Reproduktiv yaşlı hər 1000 qadına düşən abortların sayı 2012-ci ildə 11,5 , 2013-cü ildə 10,4, 2014-cü ildə hər 1000 fertil, yəni 15-49 yaşda olan qadına 10,1 abort düşüb.

Abortlar daha çox 25-34 yaşlı qadınlar tərəfindən edilib. Ümumilikdə, bu illər ərzində 15-17 yaşlı qadınlar tərəfindən 88, 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365, 30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort olunub.

Ev şəraitində edilən abortlar

7 saylı qadın məsləhətxanasının baş həkimi Südabə İsmayılovanın sözlərinə görə, onlara müraciət edənlər əsasən dölün 12 həftəsinədək abort etdirmək istəyən qadınlardır: “Bizə müraciət edənlər arasında yetkinlik yaşına çatmayanlar nadir hallarda olur. Onların da səhhətində hansısa problemi olduğu üçün abort məcburiyyəti yaranır”.

Südabə İsmayılova deyir ki, əsasən 30-35 yaşdan sonra hamilə qalan qadınlar hamiləliyinin sonlandırılmasını istəyirlər: “Bəzən yaşı, bəzən də səhhətlərinə yaranan problemlərlə bunu izah edirlər. Bəzən qadınlar apteklərdən reseptsiz satılan dərman preparatlarını qəbul etməklə də ev şəraitində abort edirlər. Belə abortlar problemsiz bitsə də, bir çox hallarda güclü qanaxma ilə nəticələnir.

Qadınlar xəstəxanaya müraciət etdiyi zaman həkimlər onları müayinə edən zaman dərman preparatları ilə abort etdiklərinini bilirlər”.

BMT-nin araşdırılmasında bildirilir ki, hər il dünyada çox hissəsini qızlar təşkil etməklə 170 milyon insan dünyaya gəlməmiş qətlə yetirilir.

200 milyon qadının həyəcan təbili

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, selektiv abortlar hazırda dünyada ciddi bir problem kimi qeydə alınır: “Məhz cinsə görə ana bətnində qız uşaqlarının öldürülməsi qədim adətlərdə qız uşaqlarının diri-diri basdırılması ilə eyniləşdirilir. Beynəlxalq təşkilatlar selektiv abortlara görə dünyada 200 milyon qadın çatışmazlığının həyəcan təbilini vururlar”.

Mehriban Zeynalovanın sözlərinə görə, Hindistanda selektiv abortlara görə 37 milyon “artıq” kişi var: “Beynəlxalq təşkilatların hesabatına görə, Azərbaycanda 116 qadına 100 kişi düşür. Əgər gündəlik qəzalar və miqrasiya proseslərini nəzərə alsaq, bu hələ elə də dəhşətli rəqəm deyil. Problem onda olacaq ki, selektiv abortlar adi hala çevriləcək və qarşısı alına bilməyəcək.

Mən o fikirdəyəm ki, selektiv abortlar qadına qarşı zorakılığın bariz nümunəsidir. Qızalar ana bətnində, eləcə də ər evində öldürülür. Qadının küçədə öldürülməsi selektiv abortların məntiqi ardıcıllığıdır”.

İlhamə Əbülfət


Müəllif: