16 May 2016 16:38
16 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səhər 6-ya qalırdı, qaynım zəng etdi ki, anamın vəziyyəti pisləşib sizi rayona aparmağa gəlirəm, hazırlaşın. Heç ağlıma belə gəlməzdi ki, Rusifdən pis xəbər ola bilər. Gecə danışmışdıq, hər şeyin yaxşı olduğunu demişdi. Qəsəbəyə çatanda içimi qəribə hiss bürüdü, qapıya yaxınlaşanda hər şeyi başa düşdüm. Anladım ki, ömürlük bədbəxt oldum...”

Şəhid gizir Rusif Ağayevin həyat yoldaşı Mahrux Ağayeva deyir bu sözləri. Bu gün ölümündən 40 gün keçən həyat yoldaşının “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını srağagün 3 yaşlı oğlu Əliyə təqdim ediblər.

Aprelin 6-da Tərtər rayonu Talış kəndinin yaxınlığında düşmən qüvvələri ilə qeyri-bərabər döyüşdə şücaət göstərərək qəhrəmancasına şəhid olan Rusif İbrahim oğlu Ağayev 2005-cı ildə Lənkəran Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. İki uşaq atası Rusif Ağayev hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini davam etdirib.

“Rusif hərbi geyimi Əliyə çox tez geydirdi”

Mahrux Ağayeva söyləyir ki, Rusif Ağayev ötən il Türkiyədən oğluna məktəbə gedəndə xüsusi tədbirlərdə geyinmək üçün böyük ölçüdə hərbi geyim alıbmış: “Zəng edib dedilər ki, medalı oğluna verəcəyik. Mən də o geyimi dərziyə apardım, Əlinin əyninə kiçiltdilər, amma Rusif hərbi geyimi Əliyə çox tez geydirdi”.

Balaca Əli bizə yaxınlaşır, “atam Türkiyədən qayıdanacan onun yerinə özüm işə gedəcəm” deyir. Anasına hərbi formanı geyindirməyi təkid edir. Atasının medalını da yaxasına taxdırır, mən də söz verirəm ki, fotosunu çəkəcəyəm. Hələ 3 yaşı tamam olmayan Əli elə bilir atası yenə Türkiyəyədir, tezliklə qayıdacaq.

İndi Mahrux Ağayeva üçün qızı Zəhra və oğlu Əliyə atalarının şəhid olduğunu demək çox çətindir.
Atasının tabutunu dəfn etmək üçün doğulduğu Hirkan qəsəbəsindəki dədə-baba evinə gətirəndə Əli soruşub ki, o qutudakı atamın iş yoldaşıdı, xəstələnib?

Heç kəs həqiqəti deyə bilməyib balacaya. Qızı Zəhra olanları başa düşür, ağlayıb içini boşaldıb, amma elə bil reallığı bilərəkdən dərk etmir, atasının bir daha qayıtmayacağı həqiqəti ilə uşaq beynində razılaşa bilmir. Deyir atam “lak” vurmağa qoymur, görsə, məni danlayacaq, amma icazə alıb vuracam. Gecələr ağlayıb atasını səsləyir yenə.

Döyüş yoldaşlarına zarafatla deyibmiş ki, görəsən, məndən başqa kim şəhid olacaq...

Şəhid Rusif Ağayev həlak olan günü sosial şəbəkələrdə qardaşına yazdığı mesaj yayılmışdı:
“Narahat olma, sağam, hər şeyə hazır olun. Şər deməsən, xeyir gəlməz, nəsə olsa, ataya deyərsən, Mahruxa necə baxmışamsa, elə də baxsın. Ataya əmanət”.

Şəhid olacağı özünə əyan olubmuş sanki, qardaşına mesaj yazıbmış, elə həyat yoldaşına da. Onu sevdiyini, unutmamasını rica edib.

Əməliyyata getməzdən öncə Rusif Ağayev döyüş yoldaşlarına zarafatla deyibmiş ki, görəsən, məndən başqa kim şəhid olacaq...

Mahrux Ağayeva özü də həyat yoldaşının ölümü ilə barışa bilmir. Deyir 8 ildir evliyik, amma bu illəri xatırlayanda ancaq xoş xatirələr yadına düşür: “Bu 8 ildə heç bir pis gün görmədim. Allahdan istəyim odur ki, mənə ayaq üstə durmaq üçün güc versin, uşaqlarımı Rusif arzuladığı kimi böyüdüm”.

Hər ikisi cənub zonasında doğulub yaşasa da, Bakıda tanış olublar. Mahrux bibisigilə qonaq gəlir, necəsə olur hərbi hospitala gedirlər, elə orada rastlaşırlar. Ailə qurandan sonra Bakıda yaşamağa başlayırlar.

“Harada döyüşdüyünü bilmirdim, mənim üçün sağ olması vacib idi”

Mahrux Ağayeva hərbçi qadını kimi vəzifəsini yaxşı bilib: “İşindən heç danışmazdı evdə, mən də çox sual vermirdim. Son günə qədər hansı rayonda, hansı döyüş bölgəsində olduğunu demədi. Xasiyyətini bilirdim, işinin məsuliyyətini də anlayırdım, heç harada olduğunu da sual etmirdim, mənim üçün onun sağ olduğunu bilmək, səsini eşitmək vacib idi. Elə ayın 6-sında iki dəfə danışmışdıq. Hələ də olanlar mənə yuxu kimi gəlir. Hərdən deyirəm kaş yenə qapı döyüləydi, deyəydi, təlimdəydim, qayıtdım. Amma bilirəm ki, artıq iki balamı böyütmək missiyası mənim çiynimdədir. Hər gün dua edirəm ki, Allah mənə güc versin. Bilmirəm, sonrası necə olacaq, tənha necə böyüdəcəm onları. Rusif mənim üçün ancaq xoş xatirələr qoydu getdi. Vətənini çox sevirdi, arzuladığı şəhidlik zirvəsinə ucaldı! Həmişə deyirdi ki, uşaqlarıma savad verəcəm, oxutduracam. Əli çox sual verir, cavabsız suallardı, bilmirəm necə cavablayım. Şəkillərinə baxıram, öz-özümə soruşuram ki, görəsən doğrudan Rusif yoxdur?”

Çox tez tərk elədi ailəsini, vəfatından 10 gün sonra 29 yaşı olacaqdı, yenə dəbdəbəsiz ailəiçi ad günü planlayırlarmış. Əməliyyatdan qayıdandan sonra uşaqlarını yanına alıb sadə, təmtəraqdan uzaq doğum günü qeyd edəcəkdi. Rusif Ağayevin qismətinə 29 illik qısa və yarımçıq ömür biçilibmiş sən demə, amma şərəfli bir ömür...

Birgə fotoşəkillərə, yazdığı mesajlara baxırıq, Əlinin bayaqdan hərbi formanı geyib hazır dayandığı pozada fotosunu çəkib sağollaşıram, indi bu balaca əsgər salamı verəcək, fotodakıtək. Divarlarında bayraq və gerbimizin etiketləri ilə bürünmüş pilləkənləri enə-enə mən də ürəyimdə dua edirəm bu ailə üçün. Dualarımda həm də bu gül qoxulu balacalar olacaq bundan sonra. Tanrıdan gözlərinə vicdan əzabı ilə baxdığım bu körpələri hifz eləməyi rica edəcəm həmişə. Həmyaşıdlarımız dul, körpələr gözüyaşlı qalmazdı kaş...

Nərgiz Ehlamqızı


Müəllif: