16 May 2016 18:29
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Mingəçevir su anbarında sızıntının olması ilə bağlı açıqlama verib. Nazir deyib ki, su anbarında suyun artması baş versə, müəyyən problemlər yarana bilər.

Xüsusən yay aylarında çaylarda sululuğun miqdarı artdıqdan sonra artan təzyiq nəticəsində Mingəçevir su anbarındakı sızıntının çoxalacağı bildirilir.

Hazırda ərazidə vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Mingəçevir şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, Mingəçevir SES şəhərin ərazisinə aid olsa da, ərazidə baş verənlərə “Azərenerji” ASC nəzarət edir. Ümumi vəziyyət barədə onlara da məlumat verilir.

“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Məmmədov bənddə sızma olduğu barədə məlumatlı olduqlarını, amma bunun təhlükə yaratmadığını dedi: “Xatırlayırsınızsa, 2009-2010-cu illərdə Kür daşqınları zamanı rezervlərə yığılan suyun səviyyəsini xeyli qaldırdılar, amma təhlükəli vəziyyət yaranmadı. İndi niyə təhlükəli vəziyyət yaransın ki? Elə bir təhlükə yoxdur, ajiotaja səbəb olacaq vəziyyət yaranmayıb. Olsa belə qarşısı alınacaq, qabaqlayıcı tədbirlər görüləcək. Ərazidə hazırda iş gedir, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri əraziyə nəzarət edir”.

Naibə QURBANOVA


Müəllif: