18 May 2016 16:36
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlunun bürünc heykəlinin təntənəli təqdimat mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Heykəlin müəllifi, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq Rəssamı Zurab Sereteli Polad Bülbüloğlu ilə uzun illər möhkəm dostluq münasibətlərinin olduğunu qeyd edərək vurğulayıb ki, "Müasirlərim" silsiləsində təqdim etdiyi yeni əsəri vasitəsilə qəhrəmanın özünəməxsusluğunu, heç kimə bənzəməyən səhnə üslubunu ifadə edib. Z.Sereteli deyib: "Bir çoxları məndən xahiş edir ki, onların heykəlini hazırlayım. Ancaq mən razılaşmıram, çünki heykəltəraşlıq əsərində obraz, xarakter olmalıdır. Polad Bülbüloğlu yaradıcı şəxsiyyətdir. O, məxsus olduğu böyük xalqın ənənələrini, dahi atası Bülbülün yaradıcılıq yolunu davam etdirir. Bunu qiymətləndirmək lazımdır". Z.Sereteli vurğulayıb ki, Polad Bülbüloğlunun yubileyi münasibətilə ona hədiyyə etdiyi heykəlin qalereyada Rusiyanın və dünyanın bir çox məşhur şəxsiyyətlərinin bürünc abidələri ilə bir sırada yer alması Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində Xalq Rəssamı Zurab Seretelinin hazırladığı heykəli həm də Azərbaycan xalqının tarixinə və mədəniyyətinə böyük hörmət və ehtiramın əlaməti kimi qiymətləndirib. Leyla Əliyeva deyib: "Polad Bülbüloğlu oxuyanda insan yaşamaq istəyir. Onda olan müsbət enerji hamıya sirayət edir. Çox şadam ki, bu gün belə gözəl abidə təqdim olunur. Bu abidə onun qəlbini, ürəyini təcəssüm etdirir. Buna görə də onu və hamını bu tədbir münasibətilə təbrik edirəm".


SSRİ Xalq Rəssamı Tahir Salahov bildirib ki, Zurab Sereteli bu əsəri təkcə dostu Polad Bülbüloğlunun şəxsiyyətinə deyil, bütövlükdə Azərbaycan xalqına və dövlətinə, Azərbaycanın yaradıcı insanlarına sevgi və ehtiram hissi ilə yaradıb.

Azərbaycanın Xalq Artisti, səfir Polad Bülbüloğlu hər bir yaradıcı şəxsiyyət üçün sənətinə yüksək qiymət verilməsinin möhtəşəm hadisə olduğunu bildirib. Polad Bülbüloğlu deyib: "Zurab Seretelinin sərgi kompleksində tanınmış yaradıcı insanların portretləri və heykəllərindən ibarət böyük bir qalereyası var. Orada görkəmli musiqiçilərin də heykəlləri nümayiş olunur. Qürur duyuram ki, indi o heykəllərin sırasında azərbaycanlının da heykəli qoyulacaq".

Mərasimdə çıxış edən SSRİ Xalq Artisti İosif Kobzon, SSRİ Dövlət mükafatı laureatı, şair Andrey Dementyev, Rusiya Rəssamlar İttifaqının sədri Andrey Kovalçuk və başqaları Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərindən danışaraq, Polad Bülbüloğlunun heykəlinin Moskvanın məşhur qalereyasında yer almasını bu münasibətlərin bütün sahələrdə inkişafının nümunəsi kimi qiymətləndiriblər.

Təqdimat mərasimində Moskva Konservatoriyasının Simfonik Orkestri gənc musiqiçi Murtuza Bülbülün dirijorluğu ilə Polad Bülbüloğlunun sevilən mahnılarını ifa edib.

Mərasimdə xarici ölkələrin Rusiyada akkreditə olunmuş nümayəndəliklərinin rəhbərləri, tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.

Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksi Moskvanın mərkəzində qədim memarlıq binasında yerləşir, burada beynəlxalq sərgilər, ustad dərsləri keçirilir. Kompleksdə Zurab Seretelinin çoxsaylı əsərləri, o cümlədən ustad sənətkarın "Müasirlərim" silsiləsindən indiyədək yaratdığı Mstislav Rostropoviç, Vladimir Vısotskiy, Marina Svetayeva, Andrey Voznesenskiy, İosif Kobzon və başqalarının heykəltəraşlıq portretləri nümayiş olunur.


Müəllif: