24 May 2016 15:25
274

Bu günlərdə “kyokuşinkay kontak karate” üzrə Avropa Çempionu, I dan Qara kəmər sahibi, I dərəcəli idmançı Lamiyə Məmmədovanın işdən azad edilməsi barədə məlumat yayılıb.

İdmançının sözlərinə görə, “Ankara məktəbi” liseyindəki işindən qanunsuz çıxarılıb.

Lamiyə Məmmədova 2004-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra “Ankara məktəbi” məktəb-liseyində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərib. Müalicə almağa getdikdən sonra işə qayıdanda məktəbin direktoru Səmayə Eynullayeva tərəfindən işinə xitam verilib.

Lamiyə Məmmədova bildirib ki, 23 noyabr 2015-ci il tarixdə məktəbin tabel cədvəlinə imza atdığı gün artıq işdən azad olunub.

Məsələ ilə bağı “Ankara məktəbi”nin direktoru Səmayə Eynullayeva Teleqraf.com-a açıqlama verib.

Direktorun sözlərinə görə, Lamiyə Məmmədovanın işdən çıxarılmasına səbəb vaxtı-vaxtında işə gəlməməsi olub: “Lamiyə Məmmədova istədiyi vaxt sinifdəki uşaqları özbaşına qoyub gedirdi. Neçə dəfə intizam tənbehinə cəlb olunub. İki dəfə töhmət almasına baxmayaraq, yenə də, 2015-ci il noyabr ayının 16-dan 20-dək ümumiyyətlə işə gəlməyib. Bunu öz izahatında da bildirib”.

Lamiyə Məmmədovanın işdən azad olunmasında qanunsuzluğa yol verilmədiyini deyən Səmayə Eynullayeva bildirib ki, o, işlədiyi müddətdə Pedaqoji Şuranın və Həmkarlar Komitəsinin iclaslarında iştirak etməyib: “Dediyinin əksinə, iclas keçirilən zaman xəstə deyildi. Saytlara məlumat verib ki, mən onu əmək kitabçasını korlamaqla hədələmişəm. Niyə onu hədələməliyəm ki? Belə cümlə işlətməmişəm.

Lamiyə Məmmədova gəlib məktəbdən əmək kitabçasını götürməmişdi. Hər yerə şikayət yazırdı ki, əmək kitabçam mənə qaytarılmayıb. Axırda onun əmək kitabçasını qiymətli kağız kimi poçt vasitəsilə göndərdik”.

Direktor Lamiyə Məmmədovanın çempion olmasının əhəmiyyət daşımadığını deyib: “Mən onun çempion olduğunu bilmirəm. İnsan çempion da ola bilər, akademik də... Amma müəllim olmaq asan deyil”.

Xatırladaq ki, Lamiyə Məmmədovanın şikayəti əsasında mübahisə hazırda məhkəmədə araşdırılır.

İlhamə Əbülfət


Müəllif: