24 May 2016 17:13
176

Mayın 24-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, akademiklər, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramovun sözlərinə görə, konfrans gənclərə imkan verir ki, Azərbaycanın davamlı inkişafinı və çiçəklənməsini təmin edən elmi baxışlarını, yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşsünlər, elmi biliklərini daha da zənginləşdirsinlər.

Müasir cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyini nəzərə çatdıran nazir müavini təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolunun sürətlə artdığını söyləyib.

Ceyhun Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib. Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb.

Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qarşıya qoyduğu strateji istiqamət və hədəflərin Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirdiyini bildirib. Ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır.

Ceyhun Bayramov Təhsil Nazirliyi tərəfindən elm və təhsilin gələcək inkişafı üçün nəzərdə tutulmuş vacib tədbirləri diqqətə çatdırıb, gənclərin potensialının tam realizə edilməsinə imkan verən təhsil mühitinin yaradılmasının zəruriliyini vurğulayıb.

Nazir müavini bildirib ki, “Thomson Reuters” Agentliyinin bazasına daxil olan jurnalların elmi ictimaiyyət arasındakı nüfuzunu nəzərə alaraq, eləcə də Azərbaycan alimləri və doktorantları üçün bu bazadan istifadə etmək imkanını yaratmaq və alimlərimizin elmi fəaliyyətinə dair elmimetrik göstəriciləri əldə etmək məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters” Agentliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, ölkəmizin 40 ali təhsil müəssisəsinə abunə vasitəsilə bu Agentliyin məhsul və xidmətlərinə, eləcə də “Web of Science” platformasının bazasına çıxış imkanı yaradılıb. Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters”in bazasına daxil olan jurnallarda çap edilmiş elmi əsərlərə görə hər ilin sonunda müəlliflərin mükafatlandırması üçün müsabiqə keçirməyi nəzərdə tutur. Müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi məhz gənclərin intellektual səviyyəsindən, milli və ümumbəşəri dəyərlərə dərindən yiyələnməsindən asılıdır.

İki gün davam edəcək kоnfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 650 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: