1 İyun 2016 10:11
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, komitə sədri Eldar İbrahimov bildirib ki, gündəliyə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Toxumçuluq haqqında”, “Taxıl haqqında”, “Çayçılıq haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib. Dəyişikliklər bu qanunların İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsinə uyğunlaşdırılması məqsədi ilə aparılıb. Qeyd edildi ki, bu gün ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalının daha geniş tətbiq olunmasına böyük diqqət yetirilir. İnsanların sağlamlığına zərər verən, geni dəyişdirilmiş ərzaq məhsullarının ölkəmizə gətirilməsinə və istifadəsinə qadağa qoyulub.

Qanun layihələri barədə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Vilayət Əlizadə ətraflı məlumat verdi. Bildirildi ki, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna təklif edilən əlavədə genetik modifikasiya olunmamış bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmamış kənd təsərrüfatı bitki materiallarından istifadə olunması tələbi əks olunub. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunun 21.1 maddəsinin yeni redaksiyasında isə deyilir ki, Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş bitkilərin, yaxud biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.

Diqqətə çatdırıldı ki, “Toxumçuluq haqqında” qanunun 26-cı maddəsinə edilmiş əlavədə deyilir ki, toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

Habelə, “Taxıl haqqında” və Çayçılıq haqqında” qanunlara edilən müvafiq əlavələrə əsasən, taxıl və çay məhsullarının istehsalında və dövriyyəsində də bu cür kənd təsərrüfatı bitki materiallarının istifadəsinə, eyni zamanda, belə bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl və çay məhsullarının ölkəyə idxal edilməsinə yol verilmir.

Müzakirələr zamanı komitə üzvləri Eldar Quliyev, Novruzəli Aslanov, Tahir Süleymanov, Aydın Hüseynov məsələnin aktuallığı, geni dəyişdirilmiş ərzaqların əhalinin sağlamlığı üçün yaratdığı təhlükə və bu baxımdan təklif olunan dəyişikliklərin vacibliyi barədə fikirlərini açıqladılar.

İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Nemət


Müəllif: