1 İyul 2016 13:09
434

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirli bilinən Radik Məmmədov və Nazim Zəkərəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin oktyabrın 18-də Xaçmaz rayonun Ləcət kəndinin meşə zolağında Xudat şəhər sakini, 1982-ci il təvəllüdlü Zamiq Xeyirov qətlə yetirilib.

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədildiyi müəyyən olunub. Polis əməkdaşları Nazim Zəkərayevi həbs ediblər.

Hadisədən sonra Radik Məmmədov ölkə hüdudlarından kənara çıxdığı üçün onu həbs etmək mümkün olmayıb.

24 yaşlı Radik Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib və ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub, saxlanılması üçün İnterpola müraciət edilib. Bir neçə aydan sonra Radik Məmmədov Rusiya ərazisində həbs olunaraq Azərbaycan tərəfə təhvil verilib.


Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Radik Məmmədovun ömürlük, Nazim Zəkərayevin isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: