23 İyun 2014 17:29
2 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məmur oğlunu qətlə yetirməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Tural Məzahir oğlu Əliyevin məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il, oktyabrın 15-də Biləcəri qəsəbəsi, Binəqədi şosesi-4 ünvanında Tural Əliyev şəxsi münaqişə zəminində tanışı, 1991-ci il təvəllüdlü Əli Məlikovu bıçaqlayaraq öldürüb. Hadisəni törədən Tural Əliyev saxlanılıb.

Qanlı hadisə Binəqədi şosesində, Binəqədi Dövlət Yol Polisi binasının arxasında baş verib. Tural Əliyev 20 yaşlı Elçin Baxşıyev, 22 yaşlı Seymur Fərzəliyev və 22 yaşlı Əli Məlikovu bıçaqlayıb. Hər 3 şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Əli Məlikovun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq araşdırması zamanı Əli Məlikovun əslində hadisəni törətmiş 26 yaşlı Tural Əliyevlə hər hansı əlaqəsi olmayıb. Oktyabrın 15-də axşam saatlarında Əli Məlikovun dostları onu təcili olaraq Biləcəri qəsəbəsi ərazisində, Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin arxasındakı əraziyə çağırıb. Qeyd edilən yerə gələn Əli Məlikov davanın üstünə çıxıb. Elə bu zaman Tural Əliyev həm Əli Məlikovu, həm də onun iki dostunu bıçaqlayıb.

Öldürülən Əli Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur. Əli Məlikov Natiq Məlikovun tək oğlu imiş. Hadisə zamanı xəsarət almış digər iki şəxsin də iş adamlarının övladı olduğu bildirilir.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iyunun 3-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif: