4 İyul 2016 18:09
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirli bilinən Vəli Əhmədov, Hüseyn Salamov, Elçin Həsənov və Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Vəli Əhmədovun 3 il, Fərid Əmiraslanovun 5 il, Hüseyn Salamov və Elçin Həsənovun isə hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Məhkəmənin növbəti iclası iyulun 11-nə təyin edilib.

2015-ci il iyun ayının 11-də, saat 8.30-da, 1-ci Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov tutulub. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Hacı Zeynalov


Müəllif: