5 İyul 2016 18:54
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərli barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Saday Şəkərlinin vəkili Bəhruz Bayramov apelyasiya şikayəti üzrə məhkəmə prosesinin qismən istintaqla aparılması barədə vəsatət verib.

Prokuror vəsatətin təmin edilməməsini istəyib. Hakimlər həmin vəsatətə iyulun 8-də münasibət bildirəcək.

İttiham aktına görə, Saday Şəkərli külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi 10 min manat məbləğində pul tələb edib.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.

Saday Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saday Şəkərli 10 il müddətinə azadlıdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: