8 İyul 2016 16:39
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifovun törətdiyi cinayət əməlləri nəticəsində zərər çəkmiş vətəndaşlar Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət ünvanlayıb.

Həmin müraciətin bir nüsxəsi Teleqraf.com-un redaksiyasına göndərilib.

Müraciətdə deyilir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 27 aprel 2010-cu il tarixli hökmündə Zal Yusifova məxsus əmlakların cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi öz əksini tapıb: “Bu hökmdən maraqlı şəxs Zal Yusifovun atası Zakir İslam oğlu Yusifov Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına mülki iddiaya aid hissəsində apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 fevral 2016-cı il qərarı ilə Zakir Yusifovun apelyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb”.

Zərərçəkmişlər qeyd ediblər ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı elan edildiyi andan qüvvəyə minib: “Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib, bir müddət sonra şikayətini geri götürüb. Bundan sonra ziyanın ödənilməsinə yönəldilmiş əmlakın auksionda satışının təşkil edilib zərər çəkmiş şəxslərə verilməsi süni sürətdə gecikdirilib”.

Zərərçəkmişlər bildirirlər ki, çirkin əməllərindən əl çəkməyən Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin bu qərarından yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib: “Zakir Yusifov oğlunun bu dələduzluq əməlindən xəcalət çəkmədən zərərçəkmişlərin haqqını yeyir. Zakir Yusifov oğlunun dələduzluq yolu ilə ziyan vurduğu şəxslərin hüquqlarını pozur və bu oyunlara əl atır. Biz – zərərçəkmiş vətəndaşlar xahiş edirik ki, 8 ildən çox məhkəmələrdə çəkdiyimiz əziyyəti və maddi vəziyyətimizin ağırlığını nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarını qüvvədə saxlayasınız”.

Qeyd edək ki, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifov yenidən Ali Məhkəməyə müraciət edib.

Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.

Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət etməyib. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.

Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir.

O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti vermişdi.

İyunun 8-də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov məlum olmayan səbəbdən kasasiya şikayətini geri götürmüşdü.

Bundan sonra zərərçəkmişlər Binəqədi rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə müraciət ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icra edilməsini, müsadirə olunan əmlakların satılmasını tələb ediblər.

Bundan xəbər tutan Zakir Yusifov yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib. Zakir Yusifovun iyunun 23-də Ali Məhkəməyə ünvanlandığı şikayəti yenidən hakim İlqar Hüseynovun icraatına verilib. Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

Teleqraf.com


Müəllif: