11 İyul 2016 15:11
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binanda baş verən yanğınla bağlı həbs olunan şəxslərin məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva vəsatətlə çıxış edib.

Nüşabə Ağayeva bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs səhhətində yaranan problemlə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssəsində müalicə alınması üçün müvafiq tədbir görülməsini istəyib.

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova işə baxılarkən məhkəmə zalında texniki vasitələrlə təmin edilməsi barədə vəsatət qaldırıb.

Digər təqsirləndirilən Uğur Bəşirovun vəkili Cavid Rzazadə məhkəməyə sübut qismində binanın yanğından əvvəl şəkillərini təqdim edib.

Cavid Rzazadə bildirib ki, həmin bina üzlənib başa çatandan üç ay sonra hüquqlarını müdafiə etdiyi şəxs işlədiyi şirkətə direktor təyin edilib. Vəkil həmin şəkillərlə bağlı ekspertizanın təyin edilməsini istəyib.
Zərərçəkmiş Səbinə Manafova isə mülki iddia ərizəsi verib. O, yanğından sonra dəymiş ziyanın qiymətləndirilməsi məsələsinin düzgün aparılmadığını deyib.

Prokuror Fərid Nağıyev vəsatətlərin təmin edilməməsini istəyib.

Məhkəmə Qəzənfər Novruzov və Miryusif Mahmudovla bağlı olan vəsatətləri təmin edib. Digər vəsatətlər təmin edilməyib.

Daha sonra məhkəmə istintaqı başlanıb və dövlət ittihamçısı ittiham aktını elan edib.Təqsirləndirilən şəxslərin heç biri özünü elan olunmuş ittiham üzrə təqsirli biləyib.

Məhkəmənin iclası iyulun 12-də davam edəcək.

2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 16 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Hacı Zeynalov


Müəllif: