12 İyul 2016 09:58
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin əməkdaşları oğurluqla məşğul olan iki qrup üzvlərini zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, nazirliyin kriminalistik tədqiqatlar idarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlkin Paşayev, Qurban Məhərrəmov və Bərdə rayon sakini Zaur Şahsuvarov tutulublar.

Dəstə üzvləri bu ilin iyunun 28-də Aqil Rüstəmova məxsus evdən 530 manat pul, qızıl və məişət əşyaları oğurlayıblar. Onların iyun ayının 2-də Ceyranbatan qəsəbə sakini Elmar Hüseynova məxsus evdən 600 manat pul və geyim əşyası oğurlamaları da müəyyən edilib.

Bundan başqa, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində və ətraf rayonlarda fərdi yaşayış evlərində çoxlu sayda oğurluq hadisəsi törətmiş 6 nəfərdən ibarət mütəşəkkil dəstə müəyyən edilərək zərərsizləşdirilib.

Bunlar Gəncə şəhər sakinləri Şahmar Süleymanov, Xaləddin İsmayılov, Asim Məmmədov, Hünər Rüstəmov, Bəxtiyar Hacızadə və Elvin Abbasovdur.

Onların ətrafında keçirilən əməliyyat tədbirləri zamanı oğurlanmış maddi sübutlar - 5 ədəd iri ölçülü plazma televizor, kombi istilik cihazları və xeyli sayda digər məişət əşyaları götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: