12 İyul 2016 15:35
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifovun törətdiyi cinayət əməlləri nəticəsində zərər çəkmiş vətəndaşlar Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb.

Həmin müraciətin bir nüsxəsi Teleqraf.com-un redaksiyasına göndərilib.

Müraciətdə qeyd olunur ki, Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının qanunsuz əməlləri ifşa ediləndən sonra “Texnikabank”da əmanəti batan əmanətçilər də şikayətçi olub: “Yüzdən çox əmanətçinin əmanətini ələ keçirmək üçün 2008-ci ilin sentyabr ayında “Texnikabank” ASC rəhbərliyi ilə MTN-in ifşa olunmuş əməkdaşları arasında plan qurulub. Bununla da vətəndaşların əmanətlərinin, eləcə də əlavə vəsaitlərin qanunsuz mənimsənilməsi planı cızılaraq gerçəkləşdirilib”.

Şikayətçilər qeyd ediblər ki, 2008-ci ilin axırlarında Milli Təhlükəsizlik Nazirliyinin sabiq müavini Əli Nağıyev, “Texnikabank” Müşahidə Şurasının sədri Etibar Əliyev və “Texnikabank”ın “Bakı” filialının müdiri Zal Yusifov görüblər: “Onların görüşü Zal Yusifova məxsus olan, Bakının “Baksol yolu” deyilən ərazisində yerləşən evində baş tutub. Görüş iştirakçıları orada qərara gəliblər ki, “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyev “Bakı” filialının müdiri Zal Yusifovun guya “Texnikabank”a ziyan vurması barədə MTN-ə şikayət ərizəsi verməlidir. Sonra gedəcək proseslər MTN-in istintaqçıları tərəfindən lazımı səmtə yönəldiləcək.

Beləliklə, proseslərin yönləndirilməsi ilə MTN istintaqa başlayır. Əmanətçilər MTN-ə çağırılaraq istintaqçılar tərəfindən təhqir, həbs hədə-qorxuları və şantajla qarşılanırlar. MTN istintaqçılarının bir məqsədləri var idi: biz əmanətçilər yüz zülmlə, halal zəhmətlə qazanaraq “Texnikabank”a qoyduğumuz əmanətlərdən imtina edək və bunu yazılı sürətdə istintaqa təqdim edək”.

Şikayətçilərin sözlərinə görə, bir qrup əmanətçi bu hədələrdən qorxub və istintaqçıların dediyi kimi, əmanətlərindən imtina ediblər: “Digər qrup əmanətçi isə öz hüquqlarının müdafiəsində duraraq bankdan əmanətlərini tələb ediblər. Beləliklə, MTN-in istintaq qrupu “Texnikabank”ın rəhbərliyindən vəd olunmuş rüşvət almaqla bərabər bəzi əmanətçiləri də qorxudaraq külli miqdarda vəsait mənimsəyib, işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriblər.

Bir dəfə söhbət əsnasında MTN-in həmin istintaq qrupunun rəhbəri Vüsal Ələkbərova nə üçün belə ədalətsizlik etdiklərini soruşduq. O cavabında bildirdi ki, bizim qarşımızda “Texnikabank”ı məsuliyyətdən yayındırmaq qoyulub, özü də bu məqsəd nazir deyil, onun müavini tərəfindən qoyulub”.

Əmanətçilər daha sonra bildiriblər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iş hakim Əlövsət Abbasovun sədrliyi ilə araşdırılıb: “Məhkəmə iclaslarında hakim Əlövsət Abbasov “Texnikabank”ın vəkili rolunda çıxış edərək necə olur-olsun bankı məsuliyyətdən uzaqlaşdırmaq istəyini gizlədə bilmirdi. Məhkəmədə əmanətçilərin hamısı öz vəsaitlərini bankdan tələb edir, hakim isə əmanətləri təqsirləndirilən şəxslərdən istəməyi tələb edirdi. Beləliklə, məhkəmə banka əmanət qoyduğumuz vəsaitlərin təqsirləndirilən şəxslərdən tutulması haqqında hökm çıxardı və əsas məsuliyyəti daşımalı olan bank sudan quru çıxarıldı.

Biz zərərçəkmişlər hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət verdik. Apelyasiya Məhkəməsində bu işə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxıldı. Biz əmanətçilər və vəkillərimiz məhkəmədən bizə qarşı qanunların pozulması, əsassız olaraq mülkiyyətimizin əlimizdən alınmasını bildirdik. Nəhayət, hakim Mirpaşa Hüseynov da hökmü qüvvədə saxladı”.

Şikayətçilər bildirib ki, bundan sonra zərərçəkmişlər Ali Məhkəməyə kasasiya şikayəti veriblər: “Məhkəmə baxışları zamanı MTN-in müavini vəzifəsindən azad olunmuşdu. Nəhayət, kasasiya instansiyasında bu işə dörd dəfə ayrı-ayrı məhkəmə kollegiyalarında baxıldı, işlə əlaqədar külli miqdarda qanun pozuntusu aşkar olundu və iş yenidən apelyasiya məhkəməsinə qaytarıldı.

İkinci apelyasiya məhkəməsi baxışı zamanı məlum oldu ki, “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyev MTN tərəfindən həbs edilib, “Texnikabank” isə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamlarının əlinə keçib. Belə olduğu halda məhkəmələr MTN-in müavini yox, nazirin özünün təsirinə məruz qaldı, yenidən “Texnikabank”ın xeyrinə qərarlar verildi və yüzlərlə insanın taleyinə biganə yanaşıldı”.

Şikayətçilər qeyd edib ki, bu sadə məhkəmə işi ilə əlaqədar 400 müxtəlif instansiyada hakimlərin iştirakı ilə 420 dəfə məhkəmə iclası keçirilib, 200-dən artıq qətnamə, qərardad, hökm və qərarlar verilib: “Maraqlısı ondadır ki, 42 hakim “Texnikabank”ın məsuliyyət daşıdığını, 12 hakim əksinə, “Texnikabank”ın məsuliyyət daşımadığını, qalan hakimlər isə hökmə istinad etdikləri barədə qərarlar qəbul ediblər. Bu faktların özü də göstərir ki, məhkəmələr qanuni, ədalətli, obyektiv qərarlar əvəzinə, təsir altında sifarişli qərarlar veriblər”.

Zərərçəkmişlər şikayət məktubunun sonunda Prezident İlham Əliyevə belə müraciət ediblər: “Bizim – 500-550 ailə tərkibi olan 100-dən çox zərərçəkmiş əmanətçinin bu gün çətin və acınacaqlı vəziyyətini nəzərə alaraq əmanətlərimizin qaytarılması ilə əlaqədar qanuni, ədalətli və obyektiv araşdırmalar aparılması üçün adiyyəti orqanlara göstəriş vermənizi rica edirik”.

Qeyd edək ki, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun atası Zakir Yusifov yenidən Ali Məhkəməyə müraciət edib.

Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.

Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.

Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə də şikayətçidir.

O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti vermişdi.

İyunun 8-də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov məlum olmayan səbəbdən kasasiya şikayətini geri götürmüşdü. Bundan sonra zərərçəkmişlər Binəqədi rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə müraciət ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icra edilməsini, müsadirə olunan əmlakların satılmasını tələb ediblər.

Bundan xəbər tutan Zakir Yusifov yenidən Ali Məhkəməyə kasasiya şikayəti verib. Zakir Yusifovun iyunun 23-də Ali Məhkəməyə ünvanlandığı şikayəti yenidən hakim İlqar Hüseynovun icraatına verilib. Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

Teleqraf.com


Müəllif: