13 İyul 2016 17:19

Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl islahatlar qeyd olunub, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər müzakirə edilib.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı da dinlənilib.

Qeyd olunub ki, son illər 2600 namizəd sırasından 300-dən çox yüksək hazırlıqlı hüquqşünas seçilərək müvafiq hakim vəzifələrinə təyin ediliblər. Hakimlərin hazırki seçimi prosesi ilə bağlı namizədliyini irəli sürmüş 800 hüquqşünasla ötən ay bərabər şəraitdə, vahid zalda test imtahanı keçirilib, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi və imtahan nəticələrinin yoxlanılması namizədlərin qarşısında təşkil olunub, bütün imtahan prosesi “on-layn” rejimində internet vasitəsilə birbaşa yayımlanıb.

Eyni zamanda hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları və süründürməçilik hallarına yol verdiklərinə görə Şəki Apelyasiya Məhkəməsinin hakimi İmamverdi Şükürova, Beyləqan rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət verilib, qanunvericiliyin pozulması halları ilə bağlı 5 hakim barədə intizam icraatları başlanılıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...