15 İyul 2016 11:59
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə Cavid Hüseynovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.


Prosesdə Cavid Hüseynovun anket məlumatları dəqiqləşdirilib. Dövlət ittihamçısı Ceyhun Azadəliyev apelyasiya şikayətinin məhkəmə istintaqı olmadan aparılmasını istəyib.

Cavid Hüseynovun vəkili Adəm Məmmədov vəsatətlə çıxış edib. Vəkil bildirib ki, cinayət işi üzrə dindirilan şahid Aydın Mahmudov həm ibtidai istintaqda, həm də məhkəmə araşdırması zamanı ifadə verərkən qeyri-səmimi olub.

Vəkil həmin şahidin apelyasiya instansiyasında da dindirilməsinin vacib olduğunu deyib.

Hakim kollegiyası vəkilin vəsatətini təmin etməyib və məhkəmə baxışı avqustun 12-nə təyin edilib.

Qeyd edek ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cavid Hüseynov və vəkili Adəm Məmmədov apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətində Cavid Hüseynovun barəsində bəraət hökmünün çıxarılması istənilib.

İttihama görə, Ann.TV-nin əməkdaşı, Bakı şəhər sakini Rasim Əliyev ötən il avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Rasim Əliyev avqustun 9-da orada vəfat edib.

Hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalistin ölümü ilə bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev həbs ediliblər. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da Rasim Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə saxlanılıb.

Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub. Cavid Hüseynovun cinayət işi ayrıca icraatda araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: