16 İyul 2016 18:47
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz olaraq silah gəzdirmədə təqsirləndirilən Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə keçmiş nümayəndəsi Şakir Hacıyevin barəsində olan hökmdən apelyasiya şikayəti verilib.

Bu barədə Teleqraf.com-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Məlumata görə, apelyasiya şikayəti hakim Vaqif Mursaqulovun icraatına verilib.

Məhkəmənin ilkin baxış iclası iyulun 18-nə təyin edilib.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Şakir Hacıyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

İttihama görə, bu ilin yanvarın 14-də hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şakir Hacıyevin paytaxtın Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılmış odlu silah hesab edilən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 mm kalibrli patronlar olan sandıqça aşkar edilərək götürülüb.

Şakir Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif: