19 İyul 2016 17:43
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ötən ilin noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən Taleh Bağırov AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsinin Nardaran hadisələri ilə bağlı olmadığını deyib. Bu səbəbdən o, Fuad Qəhrəmanlının azadlığa buraxılması barədə vəsatət verib. O, “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabçanın cinayət işi materiallarından çıxarılmasını barədə də vəsatət qaldırıb.

Fuad Qəhrəmanlının vəkili Yalçın İmanov hüquqlarını müdafiə etdiyi şəxsin dəmirbarmaqlıqlar arasından çıxarılmasını və vəkillərinin yanında əyləşməsi haqqında vəsatət qaldırıb. Vəkil Fuad Qəhrəmanlının günahsız olduğunu və onun barəsində cinayət işinin ayrılaraq istintaq orqanına qaytarılmasını istəyib.

Vəkil həmçinin Fuad Qəhrəmanlı haqqında həbs qəti-imkan tədbirinin dəyişdirilməsi barədə də vəsatət verib. Məhkəmə vəsatətləri təmin etməyib.

Taleh Bağırovun vəkili Elçin Sadıqov da hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət verib.

Digər təqsirləndirilən Abbas Hüseynovun vəkili Fariz Namazlı isə müdafiə etdiyi şəxsin ibtidai istintaqa verdiyi ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib. Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.
Məhkəmənin hazırlıq iclasının davamı iyulun 22-də keçiriləcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilənlər Aqil İsmayılov və Cabbar Cabbarovun vəkilləri prosesə qatılmayıb.

Hakim bildirib ki, vəkilər prosesdə tam iştirak etmədiyi üçün hazırlıq iclası keçirilə bilməz. Hakim prosesi başqa günə keçirsə də, vəkillər bu gün davam etdirilməsini istəyib.

Proses günün ikinci yarısında davam edəcək.

İttihama görə, Taleh Bağırov və təşkilatın digər üzvləri – Mirzə Cəbrayılov, Zakir Mustafayev, Cabbar Cabbarov, Cahad Babakişizadə, Şamil Abdullayev, Aqil İsmayılov, Ramin Yariyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əkbərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Abbas Tağızadə, Abbas Hüseynov Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 29, 120.2.1, 29.120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən iki və ya daha çox şəxsi öldürməyə cəhd), 28, 214.2.1, 28, 214.2.3-ci (terrorçuluğa hazırlıq görmə), 214-2-ci (terrorçuluq), 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3, 228.4-cü (qanunsuz silah saxlama), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə), 283.2.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə ittiham olunurlar.

Həmçinin Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 220.2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilir.

İttihama görə, Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Taleh Bağırov və onun mütəşəkkil dəstəsinin üzvləri ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar. Fuad Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib.

Hacı Zeynalov


Müəllif: