22 İyul 2016 12:54
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində xuliqanlıqda ittiham olunan jurnalist Elçin Həsənovun barəsində çıxarılan hökmdən prokurorun verdiyi protest üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Elçin Həsənovun vəkili Fariz Namazlı çıxış edib. Vəkil bəraət höknünün çıxarılmasını istəyib.

Prokuror isə Elçin Həsənovun cəzasının ağırlaşdırılmasını istəyib. Proses iyulun 25-də davam edəcək.

Nizami Rayon Məhkəməsin hökmü ilə Elçin Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Prokuror hökmdən protest verib və cəzanın ağırlaşdırılmasını istəyib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə prokuror Elçin Həsənovun 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Prosesdə ifadə verən zərərçəkmiş Cəfər Cəfərov Elçin Həsənovdan şikayəti olmadığını bildirib və şikayətini geri götürüb.

Elçin Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb. Elçin Həsənovla Cəfər Cəfərovun arasında mübahisə olub və bundan sonra Cəfər Cəfərov şikayətçi düşüb. Bu hadisədən sonra Cəfər Cəfərov da başqa bir cinayət işi ilə bağlı həbs edilib.

İttihama görə, 2015-ci il martın 4-də “Asiya” İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dolları alarkən yaxalanıb.

Müəyyən edilib ki, Cəfər Cəfərov tanışları Sevinc Məmmədsalayeva, Fatmaxanım Qasımova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub vətəndaşlardan şantaj yolu ilə pul tələb ediblər.

Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşüblər. Onda qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən baş redaktor rüsvayedici materialları kütləvi informasiya vasitələrində yayacağı hədəsi ilə 5000 manat tələb edib.

Cəfər Cəfərov Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə ittiham edilir. Cəfər Cəfərovun şikayəti işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hacı Zeynalov


Müəllif: