22 İyul 2016 14:20

Axtarışda olan şəxs dənizdə batmaq təhlükəsi ilə üzləşən zaman xilas edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 19-da saat 22:00 radələrində Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqa-mətdə dərhal axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək iyul 20-də sahilə çıxarılıb.

Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon Polis Şöbəsi tərəfindən iyun 7-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddə¬si ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib.

Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon Polis Şöbəsinə təhvil verilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:
Загрузка...