26 İyul 2016 15:24
862

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə yanğın zamanı binadan özünü atan Yaşar Nəcəfzadənin anası Kifayət Nəcəfzadə ifadəsində bildirib ki, hadisə günü rayonda olub: “Oğlum şəhid olsaydı, heç belə yanmazdım. Yanğın balamı əlimdən aldı”.

Digər zərərçəkmiş Şahnaz Qəniyeva bildirib ki, hadisə zamanı azyaşlı oğlu vəfat edib. Onun sözlərinə görə, yanğın başlayanda huşunu itirib: “Evdə azyaşlı oğlumla idim. Bir neçə saatdan sonra xəstəxanada ayıldım. Bir həfətdən sonra isə uşağımın öldüyünü dedilər”.

Daha sonra təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. O, bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problemlər var.

Vəkil qeyd edib ki, Miryusif Mahmudovun məhkəmə prosesində halı pisləşib, qan təzyiqi qalxıb. O, Miryusif Mahmudovun müalicə müəssisəsinə yerləşdirilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatəti qismən təmin edib və Miryusif Mahmudovun müalicə alması barədə qərar qəbul edib.

Məhkəmə prosesi iyulun 28-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: