27 İyul 2016 10:08
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsədə qarşı qeyri-qanuni silahlı dəstələrin tərkibində döyüşməkdə ittiham olunan Elşən İsmayılov və Mirrahim Abdullayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Elşən İsmayılov və Mirrahim Abdullayevin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı avqustun 9-na təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 15 il, Mirrahim Abdullayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttihama görə, Elşən İsmayılov və Mirrahim Abdullayev bir qrup şəxslərlə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD-in) tərkibində vuruşublar.

Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə “Xəttab” ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər. Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməkliyi ilə qanunsuz olaraq Suriya ərazisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak ediblər, silahdan istifadə qaydalarını öyrəniblər.

Əvvəllər narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq həbs olunan Elşən İsmayılov cəza çəkdiyi dövrdə ibadətlə məşğul olmağa başlayıb, İslam dininin sələfi təriqətinə etiqad edib. Həbsdən buraxıldıqdan sonra internet vasitəsilə öyrənib ki, Suriyada Bəşər Əsədə qarşı hərbi əməliyyatlar aparan silahlı birləşmələr yaradılıb.

Əslən azərbaycanlı olan “Xəttab” ləqəbli Dəyanət Yadigarovun internetdəki çıxışlarını dinlədikdən sonra Suriyaya getməyi qərara alıb. “Xəttab” çıxışında Bəşər Əsədə qarşı mübarizə apardıqlarını, kafirlərə qarşı mübarizənin, cihadın vaxtının çatdığını deyib, hər kəsi Suriyaya dəvət edərək əlinə silah götürüb Bəşər Əsədə qarşı döyüşməyə çağırıb.

Həmin çağırışda “Xəttab” İstanbulda əlaqə nömrəsi də verib ki, istəyənlər əlaqə saxlasın, müxtəlif bələdçilər vasitəsilə onların Suriya ərazisinə keçirilməsinə kömək ediləcək.

Elşən İsmayılov həmin çağırışlarda sonra qərara gəlib ki, Suriyaya gedib döyüşlərdə iştirak etsin. O bu məqsədlə də tanışı Mirrahim Abdullayevlə birlikdə 2013-cü ilin iyun ayında əvvəl Gürcüstana, oradansa İstanbula gəlib. Mirrahim də Elşən kimi internetdə “Xəttab”ın döyüşmək üçün çağırışlarını eşidib. İstanbula çatanda Həsən adlı şəxsə zəng vurublar və Azərbaycandan gəldiklərini deyiblər. Həsən onlara Hatay bölgəsinə gəlməyi tapşırıb. Elşən Mirrahimlə birgə avtobusla Hataya yola düşüb və orada Həsənlə görüşüblər.
Daha sonra Həsən onları Türkiyə ərazisindən Suriyaya keçirib və milliyyətcə ərəb olan iki nəfərə təhvil verib. Həsən onları təhvil verdikdən sonra Türkiyəyə qayıdıb. Həmin ərəblərsə iki azərbaycanlını Suriyanın “Şeyx Süleyman” ərazisinə gətirib, orada yerləşən düşərgəyə apararaq “Usama” ləqəbli Vasif adlı azərbaycanlıya təhvil verib.

Vasif döyüşlərin birində həlak olub. Elşən və Mirrahim isə “Xəttab”ın başçılıq etdiyi silahlı birləşməyə qoşulub. Elşənin dini ləqəbi “Abu Yusif”, Mirrahiminki isə “Abdulrahman” olub.

Orada Azərbaycandan gələn çoxlu döyüşçülər olub. Onlar hərbi təlimlərdə iştirak edib, müxtəlif silahlardan istifadə qaydalarını, döyüş taktikalarını öyrəniblər. Döyüş taktikasını, hərbi təlimləri “Xəttab”la yanaşı, “Abu Hamza” ləqəbli Eldəniz Eynullayev də keçirib.

Elşən və Mirrahim hərbi təlimləri və döyüş taktikalarını mənimsədikdən sonra 2013-cü ilin sonlarında döyüşlərdə iştirak etməyə başlayıb. Yaralıları minik maşını ilə döyüş bölgəsindən çıxarıblar, onlara ilkin tibbi yardım göstəririblər.

Hər iki təqsirləndirilən 2013-cü ilin iyul ayından 2014-cü ilin dekabr ayınadək döyüşlərdə iştirak ediblər.

Hacı Zeynalov


Müəllif: