31 İyul 2016 08:52
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki qardaşı öldürməkdə təqsirli bilinən Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun kasasiya şikayətinə baxılacaq. Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Zaur Tərlanov Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kasasiya şikayəti verib.

Məlumata görə, Zaur Tərlanov kasasiya şikayətində apelyasiya instansiyasında işinə məhkəmə istintaqı ilə baxılması üçün qərar qəbul edilməsini istəyib. Zaur Tərlanovun kasasiya şikayəti hakim Gülzar Rzayevanın icraatına verilib və məhkəmə baxışı avqustun 9-na təyin olunub.

Teleqraf.com xəbər verir ki, ötən ilin yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbənin sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə “Vinçester” markalı odlu silahdan bir neçə atəş açıb. Buna Zaurla onların arasında mübahisə yaranması səbəb olub. Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar. İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət də bu məsələ üstündə baş verib. Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar Zaur Tərlanovun müddətli cəza verilməsini istəyiblər.

Hacı Zeynalov


Müəllif: