25 İyun 2014 18:29
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində üç dayısını öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il fevralın 17-də 23 yaşlı Əsgəralı Abbasov Corat bağlarında dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq ora od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişə səbəb olub.

Dayılar hadisədən əvvəl yeyib-içiblər. Bacıoğlunu içki məclisinin dəvət etsələr də, Əsgəralı məclisə qatılmaqdan imtina edib. Buna görə onların arasında mübahisə düşüb. Mübahisə zamanı Mirzəyev qardaşları bacısı oğlanlarının ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlədib. Bundan əsəbiləşən Əsgəralı dayılarının olduğu evin qapısını bağlayıb və evə od vurub.

“İçki içmək istəmədiyimi bildirdim”

Əsgəralı Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, atası Xızı rayonunda yaşayıb. Hadisə baş verən vaxta kimi dayısı Dünyamalı ilə bir evdə yaşayıb: “Həmin gün iş görmək üçün Daşkəsənə gedəcəkdim. Amma məni aparmaq istəyən şəxs gəlib çıxmadı, buna görə dayımla birlikdə yaşadığım Corat qəsəbəsində olan bağ evinə yollandım. Dayılarım Yadıgar və Ağamalının da ora gəldiyini gördüm.

Onlar üçlükdə yeyib-içirdilər. Yadıgar mənə də içki təklif etdi. Amma mən imtina etdim. Bu zaman Yadigar məni söyməyə başladı. O, əvvəlcə atamı söydü. Buna görə onun üstünə yeridim. O, bir vaxtlar atamın yaşadığı evə gəldiyini, atamın ona üz vermədiyini dedi. Təkrar atamı söyməyə başladı.
Dünyamalıya dedim ki, Yadıgarı da, Ağamalını da evdən qovsun. Amma Dünyamalı onlarla qardaş olduğunu, onları evdən qovmaq istəmədiyini bildirdi. Ağamalı yenə də atamı, anamı, bacımı təhqiredici ifadələrlə söyməyə başladı. Bu zaman əsəbiləşdim və otaqdan çıxdım. Həyətdə bir qədər gəzişdikdən sonra onların yatdığını düşünüb evə qayıtdım. Ancaq hələ də yeyib içirdilər. Ağamalı məni görəndə təzədən valideynlərimi söyməyə başladı. Əsəblərimi cilovlaya bilməyib Ağamalını vurdum. Ağamalı mənə müqavimət göstərə bilmədi və yerə yıxıldı”.

“İnanmazdım ki, onlar evdə yanaraq ölərlər”

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, dayılarını qorxutmaq məqsədilə evin qapısını bağlayıb, qapının ağzına neft səpərək evi yandırmaq istəyib: “Onları öldürəcəyimlə hədələdim. Bu zaman Yadıgar bizim nəslimizdən kişi çıxmadığını, onları öldürə bilməyəcəyimi söylədi. Yadigarla Ağamalının söyüşlərindən cin beynimə vurdu.

Qapının ağzına od vurandan sonra oradan getdim. Həmin vaxt dayılarımın mənə yalvarışları olmayıb. Ümumiyyətlə, onların səslərini eşitməmişəm. Birbaşa Sumqayıt şəhər Polis İdarəsinə gəldim, dayılarım olan evi yandırdığımı xəbər verdim. Polislər dayılarımın ölüb-ölmədiklərini soruşdular. Ölmədiklərini dedim. İnanmazdım ki, onlar evdə yanaraq ölərlər. Fikirləşdim ki, mən gələndən sonra yanğını özləri söndürərlər. Dayılarımı öldürmək məqsədim olmayıb. Onları qorxutmaq istəmişəm”.

“Narkotik vasitəni tapmışam”

Müttəhim 3 saylı istintaq təcridxanasında üstündə tapılan narkotik vasitə ilə bağlı ittihama da aydınlıq gətirib. Onun sözlərinə görə, hər gün istintaq təcridxanasında olan məhkumlara gəzinti veriblər. O, qeyd edib ki, narkotik vasitəni həmin ərazidə gəzinti zamanı tapıb: “Ümumiyyətlə, narkotik vasitə qəbul etməmişəm, narkotikanı tanımıram. Gəzinti zamanı tapdığımı özümdə saxladım ki, bilən adamlara göstərim, onun nə olduğunu öyrənim. Narkotik vasitəni siqaret qutusunun arasında saxladım. Sonradan hər şeyi unutmuşam. Axşam yoxlanışı zamanı üstümdən narkotik vasitə tapıldı”.

Prokurorun suallarına cavab verən Əsgəralı Abbasov deyib ki, uşaq vaxtı hər hansı xəstəlik keçirməyib. Atası haqqında xoşagəlməz ifadələrdən hirslənib: “Ağamalı hər dəfə atamı söyəndə deyirdi ki, sənin atan kişi deyil, kişi olsaydı qızını flankəsə verməzdi. Yeznəm normal insan olub. Onun niyə belə söylədiyini anlamıram”.

Məhkəmədə dava düşdü

Yadigar Mirzəyevin həyat yoldaşı Arzu Mirzəyeva deyib ki, Əsgəralı Abbasovun niyə belə cinayət törətdiyini anlaya bilmir. Onun sözlərinə görə, 5 aydır cinayətin səbəbini analız edir: “Əsgəralının danışıqları uyğun gəlmir. Əsgəralının atası yoldaşımın bibisi oğludur. İnanmıram ki, Ağamalı bibisi oğlu haqqında belə danışsın. Ağamalı və Yadıgar bacısını neyə təhqir etməlidir? Bu, mənim üçün qaranlıqdır”.
Mərhumların bacısı Firəngiz Mirzəyeva da zərərçəkmiş şəxs qismində ifadə verib. O, deyib ki, Dünyamalı xəstəydi. Əsgəralı isə sakit oğlan olub: “Əsgəralı, Dünyamalı və mən birlikdə yaşamışıq. Əsgəralının pis hərəkətlərini görməmişəm. Ölənlər qardaşlarım, Əsgəralı da bacım oğludur. Onlar öldü. Mən bacım oğlunu bağışlayıram”.

Yadıgar Mirzəyevin oğlu Həsənalı Mirzəyev deyib ki, Əsgəralı bibisi oğlu olsa da, onu tanımayıb. O, hadisənin şahidi olmadığını deyib. Zərərçəkmiş atasının qatilinə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini istəyib.

Əsgəralı Abbasovun atası Füzuli Abbasov ifadəsində deyib ki, qayınları ilə heç bir düşmənçiliyi olmayıb: “Hadisədən əvvəl oğlumu söyüblər, onu təhqir ediblər. O da məcbur qalaraq cinayəti törədib”.

Təqsirləndirilən şəxsin nənəsi Məhbubə Mirzəyeva oğullarını öldürən nəvəsini bağışladığını deyib. Daha sonra Əsgəralının qardaşı Kamran və anası Nigar ifadə verib.

Nigar cinayətin törədilməsinə görə qardaşlarını ittiham edib. Bu zaman Nigar Abbasova ilə mərhum qardaşının həyat yoldaşı Arzu Mirzəyeva arasında mübahisə yaranıb. Onların mübahisəsini sakitləşdirən hakim növbəti məhkəmə iclasını iyunun 30-na təyin edib.

Məhkəmə iclasından sonra Əsgəralı Abbasovun qohumları ilə mərhumların ailə üzvləri arasında dava düşüb. Qohumların əlbəyaxa davasını məhkəmə nəzarətçiləri sakitləşdiriblər.

Hacı


Müəllif: