2 İyul 2014 19:07
3 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hümbət Məmmədov kişilikdən danışan ən axırıncı adam ola bilər"

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə davam edib.

Teleqraf.com-un xəbərinə görə, prosesə sədrlik edən hakim Mirpaşa Hüseynov deyib ki, açıq məhkəmə iclası keçirilir, jurnalistlər də məhkəmədə iştirak edə bilər: “Biz bununla bağlı hər hansı qadağa qoymuruq”.

Hümbət Məmmədov Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsinin məhkəməyə dəvət edilməsini istəyib. O, bildirib ki, Rusiya vətəndaşıdır. Hümbət Məmmədov həmçinin bütün zərərçəkmişlərin məhkəmədə iştirakının təmin edilməsini istəyib.

Hakim bildirib ki, Rusiya səfirliyinin nümayəndəsini məhkəməyə dəvət edə bilməzlər. Hakim zərərçəkmişlərin prosesdə iştirak edib-etməmələrinin öz hüquqları olduğunu deyib: “Biz tərəflərə məhkəmənin yeri və vaxtı barədə məlumat veririk. Kimisə zorla məhkəməyə gətirə bilmərik”.

Daha sonra Şamil və Sahil Şamilov qardaşlarının vəkili çıxış edib. Vəkil apelyasiya şikayətlərinin dəlillərini müdafiə edib. O, bildirib ki, Şamilov qardaşlarının baş verən cinayətdən xəbərləri yoxdur.

Vəkil müdafiə etdiyi şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şamil Şamilov vəkilinin çıxışı ilə razı olduğunu bildirib. O, deyib ki, qardaşı Sahilin zəngi ilə Fərmandan pul götürüb və həmin pulu Azərbaycan-Gürcüstan sərhədinə gətirib. O, bildirib ki, pulun cinayəti yolu ilə əldə olunmasından xəbəri olmayıb: “Mən 200 manat borc alıb yola xərcləmişəm. Amma həmin pula əl vurmamışam. Əgər cinayətdən xəbərim olsaydı, həmin puldan xərcləyərdim. Sərhədə nə səbəbdən tutulduğumu bilməmişəm. Məndə silah olduğunu soruşublar. Mən də dedim ki, nə silah? Cinayətin iştirakçısı Vüsal Qurbanovu həbsxanada görmüşəm. O, məndən nə üçün həbs olduğumu soruşub. Demişəm ki, şirkət rəhbərinin ölüm işinə görə tutulmuşam. Vüsal da şirkət rəhbərinin işinə görə həbs edildiyini deyib. Biz necə mütəşəkkil dəstənin üzvü olmuşuq ki, bir-birimizi tanımamışıq. Mən Azərbaycan məhkəməsindən bəraət istəmirəm. Amma işimə ədalətlə baxılmasını istəyirəm. 3 ildir günahsız yerə həbsdəyəm. Cəza müddətimi 3 il ilə əvəz edin, azadlığa çıxım. Kamera yoldaşım adam öldürüb, ona 9 il cəza veriblər. Amma heç bir cinayətdə iştirak etmədiyim halda mənə 12 il 6 ay cəza kəsilib. Mənim sənətim var. Maşın oğrusu olmuşam, cəzamı da almışam. Amma pulla adam öldürmək mənim işim deyil. Heç vaxt pulla adam öldürmək barədə sifariş almamışam. Heç vaxt da belə işə boyun qoymaram. Pulla adam öldürmək kişi işi deyil”.

Şamil Şamilov çıxışının sonunda barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Sahil Şamilov da cinayətdən xəbərsiz olduğunu deyib. O, işinə düzgün baxılmasını xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Ərəstun Piriyevin nümayəndəsi Aslan İsmayılov bildirib ki, məhkəmənin təyin etdiyi cəza ilə bağlı hissədə narazılıq yoxdur. Onun sözlərinə görə, məhkəmənin təyin etdiyi cəza ilə razıdırlar: “Amma zərərçəkmiş tərəf olaraq təqsirləndirilən Şamil Şamilova təyin edilmiş cəzanı ədalətsiz hesab edirik. Çünki bizə də məlumdur ki, o, cinayətin iştirakçısı olmayıb. Hadisədən dərhal sonra mərhumun qardaşı Hümbət Hümbətovdan şübhələnib və bununla bağlı onun hüquq-mühafizə orqanlarına müraciəti dərhal araşdırılıb. Onun telefon nömrəsi qeydiyyata alınıb. Cinayətin açılması da telefon danışıqları ilə müəyyən olunub. Şamil Şamilovun həmin telefon danışıqları arasında adı yoxdur”.

Aslan İsmayılov daha sonra qeyd edib ki, təqsirləndirilən şəxsin Əflatun Piriyevi qorxutmaq məqsədilə üzünə kislota atması barədə dedikləri həqiqəti əks etdirmir. Onun sözlərinə görə, onlarn məqsədi Əflatun Piriyevi aradan götürmək olub. Vəkil bildirib ki, Hümbət Məmmədov Rusiya vətəndaşı deyil. Onun sözlərinə görə, Hümbət Məmmədov Rusiya vətəndaşı olmaq adı ilə həbsdən yaxa qurtarmaq istəyir: “Hümbət Məmmədovun vətəndaşlığı məsələsini müzakirə edərkən hörmətli hakimlərin diqqətli olmalarını istəyirəm. Onlar Nərimanov rayon Məhkəməsinin qətnaməsini əsas gətirirlər ki, guya Azərbaycan vətəndaşlığından çıxıb. Əslində isə həmin qətnaməyə diqqət yetirəndə məlum olur ki, Hümbət Məmmədov vətəndaşlıqdan yox, qeydiyyatdan çıxıb. Qeydiyyatdan çıxmaqla vətəndaşlıqdan çıxmağı səhv salmaq lazım deyil. Hümbət Məmmədov əvvəllər Rusiyada olub. Onun Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə sıx əlaqələri var. Hümbət Məmmədov Rusiyaya ekstradisiya olunmaq istəyir və orada pulunu ödəməklə azadlığa çıxmaq istəyir. Rusiyada pul ilə həbsdən azad olmaq çox asandır. Çünki ölən şəxs öz ölkələrinin vətəndaşı olmadığındən pullarını alacaqlar, onu da azad edəcəklər. Məhkəmədən bütün bunların nəzərə alınmasını istəyirəm. Burada yanlışlığa yol vermək olmaz. Hümbət Məmmədov Azərbaycan vətəndaşı olaraq qalır”.

Vəkil bildirib ki, onların narahatçılığı zərərçəkmişlərə dəymiş ziyanla bağlıdır. Onun sözlərinə görə, Hümbət Məmmədovun əmlakının satılması ilə bağlı birinci məhkəmə instansiyasında dəfələrlə vəsatət qaldırıblar. O, deyib ki, məhkəmə onların vəsatətlərinə əhəmiyyət verməyib. Aslan İsmayılov bildirib ki, məhkəmə zərərçəkmişlərə dəymiş ziyanı 1 milyon 670 min manat müəyyən edib: “Hümbət Məmmədovun əmlakı satılmaqla həmin ziyan ödənilməlidir”.

Aslan İsmayılovun sözlərinə görə, Əflatun Piriyev Hümbət Məmmədovun dələduzluq işlərindən xəbər tutub. Onun sözlərinə görə, Hümbət Məmmədov buna görə də Əflatun Piriyevi aradan götürməyi qərara alıb.

Bu zaman Hümbət Məmmədov Aslan İsmayılova atmaca atıb. Aslan İsmayılov deyib ki, Hümbət Məmmədov kişilikdən danışan ən axırıncı adam ola bilər: “Çünki onun əmisinin 16 yaşlı nəvəsi ilə olan intim münasibəti barədə iş materiallarında sənədlər var. Əflatun Piriyevin öldürülməsi Hümbət Məmmədovun törətdiyi dələduzluq əməlləri ilə bağlıdır. Əflatun Piriyev Hümbət Məmmədovun əməllərindən xəbər tutub və bu barədə Hacı İbrahimə demək istəyib. Əflatun Piriyevin qarşısını almaq üçün Hümbət Məmmədov cinayətə əl atıb. Istintaq tərəfindən Hümbət Məmmədovun əmlakı müəyyən olunub. Müəyyən olunmuş həmin əmlakın üzərindən həbs götürülüb. Bununla bağlı heç bir əsas göstərilməyib”.

Aslan İsmayılov deyib ki, məhkəmə mülki iddia ilə bağlı şikayətləri təmin etməlidir. Daha sonra zərərçəkmişlər çıxış edib. Onlar dəymiş ziyanın ödənilməsini tələb ediblər.

Məhkəmə iyulun 9-da davam edəcək.

Qeyd edək ki, cinayət işinin materiallarında olan sənədlərdə Hümbət Məmmədov əmisinin azyaşlı nəvəsi ilə cinsi əlaqədə olub. Azyaşlı qızın Hümbət Məmmədov tərəfindən zorlanması ilə bağlı iş materiallarında izahatı var.

2011-ci ilin iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb. Və onların heç birinə mənzil verilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Hacı Zeynalov


Müəllif: