4 İyul 2014 13:08
608

Azərbaycanda özlərini polis əməkdaşı kimi təqdim edən dəstənin üzvləri tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Cəlilabad şəhər sakini Xəyal Həsənov Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 1-dən 2-dək olan müddətdə həmyerliləri Sübhan İsayevin, Cavid Qurbanovun, Bəhram Kərimovun, Şahin Mahmudovun, Xəqani Əhmədovun və Zamiq Rzayevin onu “Silsilə” adlandırılan əraziyə aparıb tapança ilə hədələyərək 3500 manatını almaları, sonradan evinə gedərək anası Səliqəyə özlərini polis əməkdaşları kimi təqdim edib ondan da 5000 manat almalarını bildirib.

Yardımlı rayon sakini Balaxan Əliyev polisə ərizə ilə müraciət edərək bildirib ki, evinə gələn şəxsiyyəti məlum olmayan bir qrup şəxs özlərini polis əməkdaşı kimi təqdim edib. Onlar oğlu Rabilin Cəlilabad sakini Xəyal Həsənova narkotik vasitə satdığını bildirərək tutulmaması müqabilində ondan 20 min manat pul tələb ediblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Sübhan İsayev, Cavid Qurbanov, Bəhram Kərimov ə Şahin Mahmudov tutulub.

Cinayətdə iştirak edən Fəqan Əhmədov və Zaur Rzayevin tutulması istiqamətində iş aparılır.

Hacı Zeynalov


Müəllif: