4 İyul 2014 16:15
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq İsmayıllı rayonunda qadının öldürülməsi ilə bağlı rəsmi açıaqlama yayıb.

Qurumun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 2-də saat 07 radələrində İsmayıllı şəhər sakini, 1933-cü il təvəllüdlü Talıbova Rəbiyyə Qasım qızının üzərində zorakılıq əlamətləri olan meyitinin İsmayıllı şəhəri, Q.Aslanov küçəsində tapılması barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakini Cəbiyev Elbrus Samir oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaqla müəyyən olunub ki, iyulun 1-də, saat 17 radələrində Elbrus Cəbiyev əvvəllər kirayədə qaldığı İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, 31A saylı evin həyətində sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində keçmiş qonşusu Rəbiyyə Talıbovaya küt alətlə xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Bundan sonra E.Cəbiyev R.Talıbovanın meyitini həmin evin döşəməsinin altında gizlətmiş, saat 04 radələrində isə meyiti evdən çıxarıb yolun kənarına atıb.

E.Cəbiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif: