7 İyul 2014 19:13
3 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öldürülən tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyevin valideynləri məşhur vəkil Aslan İsmayılovun ünvanına sərt ittihamlar sənləndiriblər.

Teleqraf.com-un xəbərinə görə, Cavid Həmişəyevin atası Zaməddin Həmişəyev və anası Pakizə Həmişəyeva oğullarının qətlinin sifarişini gəlinləri İradə Oruclu və onun vəkili Aslan İsmayılov tərəfindəbn verildiyini iddia ediblər. Bu gün keçirilən prosesdə mərhumun anası Aslan İsmayılova hücum çəkib. O, Aslan İsmayılovun ünvanına təhqir edici ifadələr işlədib.

Aslan İsmayılov baş verən olaylarla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir: “25 may 2013-cü ildə qətlə yetirilmiş Cavid Həmişəyevin atası Zaməddin Həmişəyev KİV-lərə bildirib ki, onun oğlunun qətlə yetirilməsini gəlini İradə Orucova sifariş verib və bu işdə məsləhətçi mən olmuşam. Bu tip cəfəngiyyatlar uzun müddət davam etsə də, məhrumun dostlarını, övladlarını itirmiş valideynlərini nəzərə alaraq bu fikirə cavab verməmişdim. Bu günki məhkəmə iclasında Zaməddin Həmişəyevin, həyat yoldaşının və digər qohumlarının mənə qarşı etdikləri tərbiyəsizlikləri nəzərə alaraq mətbuata cavab vermək və Baş prokurora müraciət etmək məcburiyyətindəyəm.

Təxminən 29-30 may 2013-cü il tarixində səhhətimdəki problemlə bağlı tanışım kardeoloq Fərid həkimin yanına getdim. Otağına qəbul olarkən onu çox yorğun və üzgün gördüyümdən nə olduğunu soruşdum. Fərid həkim çox yaxın dostunun 25 may 2013-cü ildə amansızcasına qətlə yetirildiyini bildirdi. Onu tez tez narahat etdiyimdən bildirdim ki, bu sahə mənə yaxın olduğundan istənilən köməkliyi göstərməyə hazıram. Səhv etmirəmsə bir gün sonra Fərid həkim mənə zəng edib və mərhum Cavidin həyat yoldaşına hüquqi yardım göstərilməsi üçün müraciət etmək istədiklərini bildirdi. Mən də razılığımı bildirdim. İradə Oruclu, onun və Cavidin dostları Elbəyi ilə yanıma gəldilər. Onları dinlədikdən sonra etibarnamə alıb müstəntiqlə əlaqə saxladım. Təxminən bir həftə sonra Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov mənə zəng edib həmyerlisi Zaməddin Həmişəyevin oğlunun qətli ilə bağlı onu qəbul edib, köməklik göstərməyimi xahiş etdi. Yenə heç bir təmanna güdmədən Zaməddin Həmişəyevi qəbul etdim. Birinci dəqiqədən Zaməddin Həmişəyev məni çox şit formada tərifləməyə başladı. Sözünü kəsdikdə isə başladı öz nailiyyətlərindən danışmağa (nə vaxtdan şerləri çap olunur, haralarda olub, kimləri tanıyır, kimlər onu ayaq üstündə qarşılayır). Yenə müdaxilə edib qətllə bağlı hansı şübhələrinin olduğunu soruşduqda, məndən xahiş etdi ki, onun oğlunu kimlərin qətlə yetirməsi haqqında dəqiq bilgiləri var və bu barədə rayon prokuroru ilə görüşüb ona demək istəyir. Yanındaca Nərimanov rayon prokuroruna zəng edərək qətlə yetirilmiş Cavid Həmişəyevin atasını qəbul etməsini xahiş etdim. Prokuror görüş üçün vaxt təyin etdi və biz birlikdə qəbula getdik.

Qəbulda da yenə Zaməddin Həmişəyev özü haqqında uzun uzadı danışdıqda bir neçə dəfə mən və prokuror ona qətllə bağlı hansı şübhələri olduğunu soruşduq. Mənə bildirdiklərini prokurora da danışdı. Prokuror bildirdi ki, cinayət işi ilə bağlı ciddi məşğuldurlar və təklif etdi ki, bütün şübhələri ilə bağlı yazılı şəkildə müraciət etsin.

Bundan sonra Zaməddin Həmişəyev özü kimiləri ilə birlikdə dəfələrlə yanımda oldu. Hər dəfə də bir versiya irəli sürürdü. Bir dəfə dedi ki, onun həyat yoldaşı bağçada müdiri ilə dalaşıb və müdiri onun oğlunun qətlini sifariş veribdir. İsrarla bildirirdi ki, müdir Rövnəq Abdullayevin qohumudur və əmindir ki, bu onun işidir. Artıq işlə bağlı məlumatlarım olduğumdan bu fikrin əsassız olduğunu ona bildirsəm də yanındakı şəxs bu versiyanı əsaslandırmaq üçün cürbəcür cəfəngiyyatlar söyləyirdi. Növbəti dəfə gəldi ki, onun oğlunu rəqabət olmasın deyə Azərbaycanın “tibb mafiyası” sifariş verib. Bir müddət sonra gəldi ki, Cavidin sifarişini onun həkim dostları və həyat yoldaşı sifariş verib. Artıq bu dəfə ona bir daha yanıma gəlməməsini bildirdim.

Bundan sonra Zaməddin Həmişəyev gəlini ilə əmlak davasına başladı. Cavid Həmişəyevin ölümündən sonra borclarını ödəmək üçün İradə Oruclu Cavidin dostlarına ondan qalan tibb avadanlığını satmağı və borcları ödəməyə razılıq vermişdilər. Dostları da həmin avadanlığı təxminən 5000 ABŞ dollarına satıb və ondan da artıq özlərindən pul əlavə edərək borcları bağlamışdılar. Bununla kifayətlənməyən Zaməddin Həmişəyev gəlini ilə iki nəvəsinin yaşadığı evin davasına girişdi. Gəlin məcbur olub evi də ona verib öz atası evinə getdi.

İş üzrə bütün cinayət törətmiş şəxslərin məsuliyyətə alınmasına baxmayaraq, bu şəxs bütün gücünü gəlinini ləkələmək, əmlak davası aparmaq və bu işdə məni özünə şərik etməyə sərf edirdi. Bunun üçün iş Nərimanov rayon Prokurorluğundan alınıb və istintaq aparılması üçün Bakı şəhər prokurorluğuna verildi. Bu müddət ərzində Zaməddin Həmişəyev həbsdə olan qatillərlə də əlaqəyə girib sifarişin gəlini tərəfindən verilməsi barədə ifadə vermələrinə də çalışdı. Dəfələrlə ünvanıma təhqirlər səslənsə də vəziyyəti nəzərə alaraq fikir vermədim. İki nəvəsinin harada necə yaşamasından xəbərsiz olan bu insan artıq bütün hədləri aşdığından bildiklərimin, bu şəxsi rəzil edəcək halların az qismini nəzərinizə çatdırdım. Baş vermiş faciənin miqyasını anlayıram, ancaq özümə qarşı da yox, bütün problemlərin olmasına baxmayaraq həyat yoldaşının qətlindən üzülmüş, əsl faciə yaşayan, həyat yoldaşının qatillərinin ən ağır cəzaya məhkum olmaları üçün var gücü ilə çalışan bir xanıma qarşı olan bu qədər tərbiyəsizliyə göz yummaq mümkün olmadığından bu açıqlamadan başqa Azərbaycan Respublikası Baş Prokuroruna da məni ağır cinayətdə ittiham etdiyinə görə Zaməddin Həçişəyevin cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə də müraciət edəcəm.

Ən acınacaqlısı da odur ki, Zaməddin Həmişəyevin gəlini İradə Oruclu və mən onun nümayəndəsi kimi var gücümüzlə Cavid Həmişəyevi amansızcasına qətlə yetirmiş cinayətkarların ən ağır cəza almalarına çalışdığımız bir vaxtda onun doğmaları cinayətkarları kənarda qoyub və öz cılız niyyətlərini həyata keçirmək üçün bizimlə mübarizə aparırlar.

Qeyd edək ki, Cavid Həmişəyevi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Ağayevanın mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

Hacı Zeynalov


Müəllif: